Avropa İttifaqında siyasi böhran: 4 ölkə iclası tərk etdi

Avropa İttifaqı yeddi illik büdcənin razılaşdırılması məsələsində siyasi böhranla üzləşib.

Aİ-nin liderlərinin büdcə müzakirələri zamanı 4 ölkənin nümayəndəsi iclası tərk edib.

“Politico” nəşri yazır ki, dörd ölkə Avropa Şurasının prezidenti Antonio Kostanın kompramis tapmaq çağırışlarını qəbul etməyiblər.

Büdcə ixtisarlarını müdafiə edən ölkələrdən birinin diplomatı bildirib ki, iclas çox pis keçib.

Nəşrin məlumatına görə, Aİ ölkələri iki qrupa bölünüblər.

“İspaniya və İtaliya büdcə artımlarını, kənd təsərrüfatı və geridə qalan bölgələr üçün ənənəvi maliyyələşmənin davam etdirilməsini istəyir. Almaniya və İsveç xərclərin azaldılmasını, vəsaitlərin əsasən müdafiə və təhlükəsizlik istiqamətinə yönləndirilməsində israr edir. Lakin saatlarla davam edən danışıqlarda Danimarka, İsveç, Belçika və Avstriyadan olan nümayəndələr zalı tərk ediblər. Onlar bildiriblər ki, bu müzakirə formatı iştirakçıları bir-birinə qarşı qoymaq, onlardan fərdi güzəştlər əldə etmək məqsədi daşıyır”, - nəşr yazıb.

A.Kosta daha öncə bildirmişdi ki, Aİ ölkələrinin 2028-2034-cü illər büdcəsi ilə bağlı üç məsələdə - büdcənin həcmi, kənd təsərrüfatının maliyyələşdirilməsi və yeni gəlir mənbələrinin axtarışı, fikir ayılığı var.