“Sabah” srağagün Çempionlar Liqasının liqa mərhələsində “Barselona”ya evdə 1:4 uduzdu. Onsuz da məğlubiyyət gözlənilən idi, sadəcə, Stas Pokatikovun növbəti dəfə inamsız çıxışı geniş müzakirə doğurdu.
Əlbəttə, qazaxıstanlı qapıçını dəstəkləyənlər də çoxdu. Belələrinin əlində ciddi tutarqa da var: adam elə haqqında danışdığımız oyunda 9 seyv etdi, seyv sayına (31) görə hazırda turnirin rekordçusudu. Bəli, Stas “Barsa” ilə oyunda bir neçə dəfə komandasını qoldan xilas etdi. Amma “Sabah”ı “batırdığı” epizodların sayı neçə idi?
Qapıçı 1-ci, 2-ci və 4-cü qolda (31-ci, 51-ci və 60-cı dəqiqələrdə) rəqibin zərbəsini dəf etsə də, topu təhlükəli zonadan uzaqlaşdırmadı. Dəf etdiyi toplar cərimə meydançasının mərkəzinə, rəqib futbolçuların önünə düşdü. Nəticədə “Barsa”nın oyunçuları fürsətlərdən yararlanmağı bacardılar. Ümumiyyətlə, Pokatilovu qapıçı kimi yetişdirən kim olubsa, ona ən vacib detallardan birini anlatmayıb. Qapıçı üzərinə gələn topu önünə yox, mümkün qədər yanlara – sağa və sola qaytarmalı, bu mümkün olmayanda isə yumruqları ilə yetərincə uzağa qaytarmalıdı ki, rəqib futbolçu təkrar zərbəni vuranda ən azı çətinlik çəksin. Amma Stas bütün bunları bilmir. Üstəlik qapıdan oyuna yaxşı başlaya, topu düzgün mövqelərə göndərə bilmir, bəzən heç bir ehtiyac olmadan tələsir.
Yeri gəlmişkən, Stas Qazaxıstan yığmasında da mövqeyini əldən verməkdədi. Məsələn, yığmanın artıq istefaya göndərilən baş məşqçisi Con van’t Sxip Millətlər Liqasının son mövsümündə
6 oyunun 4-də Pokatilova şans verdi, qapıçı milli formada da kobud səhvlərlə yadda qaldı.
Stasın oyun üslubunu dəyərləndirməsi üçün ölkənin tanınan qapıçılarından olmuş Fərhad Vəliyevə müraciət etdik:
“Pakatilov Çempionlar Liqasında ümumilikdə yaxşı təsir bağışlayır. Dünənki oyuna gəlincə, kritik səhvlərlə yadda qaldı. Düşünürəm ki, ilk qolda topu tutmaq istəyirdi, lakin ötürmədən sonra bunu bacarmadı. Top ortaya düşdü və Qordon boş qapıya qol vurdu. İkinci qolda da güclü zərbəni dəf etdi, amma ribaundda "Barselona" ikinci qolu vurdu. Həm birinci, həm də ikinci qol epizodunda daha dəqiq oynaya bilərdi. İlk qolda topu tuta və ya cərimə meydançasından daha sərt şəkildə uzaqlaşdıra bilərdi. Bununla belə, ümumi oyunları nəzərə alsaq, Pakatilov yaxşı təsir bağışlayır”.