İtaliyada məktəblərdə burka və niqab qadağan edildi

İtaliyada məktəblərdə burka və niqab taxılmasına qadağa qoyulub. Yeni qərara əsasən, qaydanı pozanları 1000 avroyadək cərimə gözləyir.

Bu barədə “SonDakika” nəşri məlumat yayıb.

Bildirilib ki, İtaliya Nazirlər Şurası Baş nazir Corcia Meloninin təşəbbüsü ilə məktəblərdə üzü tamamilə örtən dini geyimlərin istifadəsini qadağan edən qərarı təsdiqləyib. Qadağa burka və niqaba şamil olunur. Üzün açıq qaldığı hicabın taxılmasına isə icazə verilir.

Yeni qaydalara əsasən, məktəblərdə üzün tanınmasına mane olan geyimlərdən istifadə edən şəxslər 200-1000 avro məbləğində cərimələnə bilərlər. Qaydanı yetkinlik yaşına çatmayan şagird pozarsa, cərimə onun valideyninə tətbiq olunacaq.

Qərarda, həmçinin xarici ölkə vətəndaşı olan və italyan dilini kifayət qədər bilməyən şagirdlərin müəyyən siniflərdə sayının 30 faizlə məhdudlaşdırılması nəzərdə tutulur. Bundan başqa, italyan dilini zəif bilən bəzi şagirdlərin valideynləri üçün dil kursları da təşkil ediləcək.

Qeyd edək ki, İtaliya hökuməti yeni qaydaların məktəblərdə inteqrasiyanı gücləndirmək və şagirdlər arasında bərabər imkanlar yaratmaq məqsədi daşıdığını bildirir. Müxalifət və bir sıra hüquq müdafiəçiləri isə qərarın ayrı-seçkiliyə səbəb ola biləcəyini düşünür.

Qeyd edək ki, qadağa bütün ictimai yerlərə deyil, məktəblərdə tədris və məktəblə bağlı fəaliyyətlərə aiddir. Qanunvericilikdə tibbi və təhlükəsizliklə bağlı istisnalar da nəzərdə tutulur.