Putin “məğlubedilməz” nüvə silahı ilə öyündü- peyklər tamam fərqli mənzərə ortaya qoydu...–"Newsweek"-TƏHLİL

Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə böyük təntənə ilə təqdim etdiyi yeni nəsil nüvə silahlarının bir qismi hələ də texniki problemlər və sınaq çətinlikləri ilə üzləşir. Peyk görüntüləri və hərbi ekspertlərin təhlilləri Kremlin həmin vaxt səsləndirdiyi iddialarla real vəziyyət arasında fərqlər olduğunu göstərir.

Bu barədə “Newsweek” nəşrinin araşdırmasına istinadla Ukrayna mediası məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya son dövrlərdə nüvə ritorikasını yenidən gücləndirsə də, Putinin 2018-ci ildə təqdim etdiyi 6 əsas silah sisteminin hamısı vəd edilən səviyyədə hazır vəziyyətə gətirilməyib.

Bu fonda Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin də nüvə silahından istifadə ehtimalı ilə bağlı son açıqlamaları diqqət çəkir. O, Ukrayna və NATO-nun guya Moskvanın nüvə silahından istifadəsini nəzərdən keçirməsinə səbəb ola biləcək hədləri aşdığını iddia edib.

“Sarmat”: beş sınaqdan dördü uğursuz ola bilər...

Putinin “məğlubedilməz” adlandırdığı "RS-28- “Sarmat” qitələrarası ballistik raketi Rusiyanın ən iddialı strateji silah layihələrindən biridir. Qərbdə “Satan-2” kimi tanınan bu raketin sınaqları isə onun döyüş hazırlığı ilə bağlı ciddi suallar yaradıb. Peyk görüntülərinə əsaslanan məlumatlara görə, keçirilmiş beş sınaqdan dördü uğursuz nəticələnmiş ola bilər.

2024-cü ilin sentyabrında Rusiyanın şimalında yerləşən Plesetsk kosmodromunda raketin buraxılış şaxtasının yaxınlığında böyük kraterin qeydə alınması da layihə ətrafında şübhələri artırıb.

Bununla belə, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) açıqladığı və "Vantor" şirkətinin çəkdiyi daha yeni peyk görüntüləri “Sarmat”ın döyüş növbətçiliyinə yaxınlaşa biləcəyini göstərir. Yəni raketin problemlərinə baxmayaraq, layihənin tamamilə uğursuz olduğunu söyləmək hələ tezdir...

“Avanqard”: hiper-səs imkanları ilə bağlı suallar...

Putinin təqdim etdiyi digər sistemlərdən biri “Avanqard” hipersəs planlaşdırıcı döyüş blokudur. “Newsweek” qeyd edir ki, “Avanqard” müstəqil raket deyil. O, əsasən ağır qitələrarası ballistik raketlərin, o cümlədən gələcəkdə “Sarmat”ın vasitəsilə hədəfə çatdırılması nəzərdə tutulan döyüş blokudur. Rusiya tərəfi onun sürətinin 20 Maxdan artıq olduğunu iddia edir. Lakin bu göstəricilərin müstəqil şəkildə təsdiqlənməsi və sistemin tam döyüş hazırlığına çatması barədə açıq məlumatlar məhduddur.

“Kinjal” artıq Ukraynaya qarşı istifadə olunub...

Digər sistemlərdən fərqli olaraq, “Kinjal” hiper-səs raketi artıq real döyüş şəraitində tətbiq edilib. Rusiya hərbçiləri bu raketlərdən Ukraynaya qarşı genişmiqyaslı müharibənin ilk həftələrindən istifadə etdiklərini bildiriblər. Sonrakı illərdə də Ukrayna ərazisinə zərbələr zamanı “Kinjal” raketlərinin tətbiqi qeydə alınıb...

“Poseydon” və “Burevestnik”: real imkanlar hələ də qeyri-müəyyəndir...

Araşdırmada Rusiyanın nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı torpedosu və "9M730- “Burevestnik” qanadlı raketi də nəzərdən keçirilib. Moskva bu silahları demək olar ki, qeyri-məhdud mənzilə malik və Qərbin raketdən müdafiə sistemlərini aşa bilən texnologiyalar kimi təqdim edir. Lakin bu sistemlərin faktiki əməliyyat imkanları və tam döyüş hazırlığı barədə müstəqil təsdiqlənmiş məlumatlar olduqca azdır. Onların adi döyüş meydanında birbaşa istifadə üçün nəzərdə tutulmadığı da vurğulanır.

Kremlin iddiaları ilə real vəziyyət arasında fərq...

“Newsweek”in təhlilindən çıxan əsas nəticə budur ki, Rusiyanın nüvə arsenalı ilə bağlı təbliğat xarakterli bəyanatları bütün silah sistemlərinin real imkanlarını əks etdirmir. Putinin 2018-ci ildə təqdim etdiyi layihələrin bəziləri artıq istifadəyə verilsə də, digərlərinin texniki problemləri və sınaq çətinlikləri davam edir. “Sarmat”ın gələcək taleyi isə peyk müşahidələri və yeni sınaqlar fonunda diqqət mərkəzində qalır...

S.Laçın