Meksikada Ətraf Mühit Prokurorluğunun əməkdaşları nadir sürünənlərin qaçaqmalçılığının qarşısını alıblar. Qaçaqmalçılar heyvanları corabların içərisində gizlədərək daşımağa çalışıblar.
Hadisə Syudad Xuarez və Çiuaua şəhərlərini birləşdirən federal magistral yolda yerləşən nəzarət məntəqəsində qeydə alınıb.
Nəqliyyat vasitəsinə baxış zamanı corabların içərisində gizlədilmiş bir buqələmun və 70 tısbağanın olduğu bağlama aşkarlanıb. Heyvanlardan bəzilərinin boğularaq öldüyü müəyyən edilib.
Mütəxəssislər sürünənlərin nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərə aid olduğunu və onların daşınmasının yerli qanunvericiliklə qadağan edildiyini bildiriblər.
Qanun pozuntusuna yol verən şəxsləri yüksək məbləğdə cərimələr gözləyir.