Azərbaycan və Çin arasında enerji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çindaoda Çinin Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi ilə liderlərimizin siyasi iradəsinə əsaslanan Azərbaycan-Çin enerji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə etdik. Günəş və dəniz külək enerjisi, elektrik şəbəkəsinin inkişafı, neft-qaz, neft emalı, hidroenergetika və elektrik enerjisi dəhlizləri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Milli Enerji Administrasiyasının ölkəmizdə enerji layihələrində Çin şirkətlərinin investor və podratçı kimi iştirakına dəstəyini yüksək qiymətləndiririk", - deyə P. Şahbazov qeyd edib.
Görüşdə "Kəmər və Yol" Enerji Tərəfdaşlığının İdarə Heyəti və Katibliyinin fəaliyyətə başlamasının çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd olunub. Azərbaycanın "Kəmər və Yol" təşəbbüsünü ilk gündən dəstəklədiyi və Enerji Tərəfdaşlığının fəaliyyətində fəal iştirakını davam etdirəcəyi diqqətə çatdırılıb. Çin sərmayəsi ilə Azərbaycanda həyata keçirilən ilk bərpa olunan enerji layihəsi olan 100 MVt gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi yaşıl enerji sahəsində uğurlu əməkdaşlığın göstəricisi kimi qeyd edilib. Çin şirkətləri ilə günəş və dəniz külək enerjisi layihələrinin inkişafı, Energetika Nazirliyi ilə Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında elektrik şəbəkəsinin planlaşdırılması və layihələndirilməsi üzrə mövcud əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Çin şirkətləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanın elektrik enerjisi bazarlarını birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılmasında iştiraka dəvət edilib. Həmçinin neft-qaz, neft emalı və su elektrik stansiyaları layihələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Milli Enerji Administrasiyasının rəhbəri Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirərək, Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji və digər perspektivli layihələrdə podratçı və investor kimi iştirakına dəstəyini ifadə edib.