Rusiyada çöküş əlamətləri: Müharibə, demoqrafik fəlakət və texnoloji geril…

“Cyber Partisans” və “Silent Crow” haker qruplarının ələ keçirdikləri Rusiya Federal Statistika Xidmətinin (“Rosstat”) məlumatlarının “Meduza” və “Mediazona” internet resursları tərəfindən təhlili 2022-ci ilin fevralından 2026-cı ilin sentyabrına qədər Ukraynada aparılan işğalçılıq müharibəsində Rusiya ordusunun 720 min hərbçisinin öldüyünü təsdiqləyib. Onların arasında 17 general və 8 minə yaxın digər zabitlər var.

“Rosstat”ın məlumatlarını təhlil edən “Vajnıe istorii” internet resursu müəyyən edib ki, döyüş zonalarında rus əsgərlərinin ölüm səbəblərinin 92 faizi partlayışlar və qəlpələrdir. Ölüm hallarının yalnız 1,3 faizini güllə yaraları təşkil edir. Bu nəticə onu göstərir ki, yaralananların da böyük hissəsi, bir qayda olaraq, əl və ya ayaqlarını itirir. Buna görə də sosioloqlar Rusiyada “şikəst kişilər təbəqəsi”nin yaranacağı, onların sayının milyona çata biləcəyi barədə xəbərdarlıq edirlər.

Məlumatların təhlili göstərir ki, 2026-cı ildə Rusiyanın ələ keçirdiyi ərazinin hər kvadrat kilometri 180 hərbçinin ölümü hesabına başa gəlib. Bu, ötən illə müqayisədə üç dəfə çoxdur.

Demoqraf Aleksey Rakşanın dərc etdiyi hesablamalara görə, 2025-ci ildə Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində 1 milyon 167 min insan doğulub, 1 milyon 931 min insan ölüb. Beləliklə, ötən il Rusiyanın əhalisi təxminən 764 min nəfər azalıb. Demoqraf bunu rekord göstərici adlandırır.

Rusiyada əhalinin azalması artıq xroniki hal alıb. 2024-cü ildə ölkə əhalisi 596,2 min nəfər, 2023-cü ildə 495,2 min nəfər, 2022-ci ildə 599,6 min nəfər azalıb.

“Rosstat”ın məlumatlarını təhlil edən “Dosye” və “NEST” mərkəzlərinin araşdırmaları nəticəsində məlum olub ki, Rusiyada kişilərin orta ömür uzunluğu 2025-ci ildə 65,3 ilə düşüb. Bunun nəticəsində kişi və qadınların ömür uzunluğu arasındakı fərq 14,1 ilə çatıb. Bu, 1959-cu ildən bəri rekord göstəricidir.

Məlumatların təhlilinin üzə çıxardığı digər məqam Rusiyada uşaqlar və gənc qadınlar arasında intihar hallarının artmasıdır. “Important Stories”in məlumatına görə, 10-19 yaş arası uşaqlar və yeniyetmələr arasında intihar halları 12 faiz, 15-19 yaşlı qızlar arasında 26 faiz, 20-29 yaşlı qadınlar arasında isə 11 faiz artıb. Nəticədə 2025-ci ildə Rusiyada qeydə alınan intiharların ümumi sayı tarixi antirekorda çatıb. Ötən il 9600 nəfər intihar edib.

Aydın görünür ki, Rusiyada demoqrafik sabitlik ciddi şəkildə pozulub. Bu fəlakətli vəziyyətin yaranmasının bir səbəbi müharibədirsə, digəri Putinin uğursuz iqtisadi siyasətidir.

Rusiya hökuməti yanında Maliyyə Universitetinin əməkdaşı Daria Nekipelovanın araşdırmasına görə, Putinin hakimiyyəti dövründə Rusiya iqtisadiyyatı texnoloji gerilik tələsinə düşüb. Araşdırma göstərib ki, Putin hakimiyyətdə olduğu illərdə Rusiya elmi və texnoloji potensialının əhəmiyyətli hissəsini itirib. Tədqiqatla məşğul olan insanların sayı dörddə bir qədər azalıb, qlobal ixtiralardakı Rusiyanın payı isə iki dəfə kiçilib. Bunun səbəblərindən biri Rusiyanın tədqiqatlara ÜDM-in 1 faizindən az vəsait ayırmasıdır. Bu göstərici Misir və Malayziya kimi ölkələrin səviyyəsindədir.

Nekipelovanın araşdırmasının üzə çıxardığı digər acınacaqlı məqam Rusiyanın qlobal sənaye bazarındakı mövqeyi ilə bağlıdır. 2021-ci ildən 2025-ci ilə qədər maşın və avadanlıq ixracı dörddə bir həcmdə azalıb.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri texnoloji gerilikdə dönüş nöqtəsinin 2012-ci ildə – Putinin üçüncü dəfə prezident seçilməsindən sonra başlamasıdır. Bunun nəticəsində sənaye robotlarının sıxlığına görə Rusiya qlobal orta göstəricidən dörd dəfədən çox geridə qalır. 2024-cü ildə Rusiyada hər 10 min işçiyə 29 sənaye robotu düşdüyü halda, qlobal orta göstərici 132 olub. Nekipelova bu vəziyyəti “texnoloji gerilik vergisi” adlandırıb.

Daria Nekipelovanın araşdırması Rusiya iqtisadiyyatının vəziyyətini qiymətləndirmək baxımından nə qədər önəmlidirsə, yaranmış vəziyyətin əsas səbəbini müəyyənləşdirmək baxımından da bir o qədər əhəmiyyətlidir.

Daria Nekipelovanın araşdırmasına görə, Rusiyanın texnoloji gerilik tələsinə düşməsinin əsas səbəbi Putinin üçüncü dəfə Kremlə qayıdışıdır.

“Rosstat” məlumatlarının ictimailəşməsi, demoqraf Aleksey Rakşanın dərc etdiyi hesablamalar və Daria Nekipelovanın araşdırmasının gündəmə gəlməsi Rusiyanın bəlalarının mənbəyi haqqında ümumi rəyin formalaşmasına və güclənməsinə səbəb olur. Belə qənaət yaranır ki, Putinin üçüncü dəfə hakimiyyətə qayıdışı ilə başlayan bəlalar Rusiyanı dövlət kimi, rus xalqının varlığını isə dövlət qurucu millət kimi təhdid etməyə başlayıb. Bu, mütləqiyyət rejiminin süqutunun başlanğıcıdır.

Rusiya tarixi xatırladır ki, mütləqiyyət rejiminin yıxılması imperiyanın dağılması ilə nəticələnə bilər. Birinci dəfə çar II Nikolayın taxt-tacdan qardaşı böyük knyaz Mixail Aleksandroviçin xeyrinə imtina etməsi, Mixail Aleksandroviçin isə taxtı qəbul etməkdən imtina etməsi monarxiyanın süqutuna gətirib çıxardı. Monarxiyanın süqutu da imperiyanın parçalanmasını tətiklədi.

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu hakimiyyətdən kənarlaşdırmaq məqsədilə baş verən QKÇP qiyamı (Avqust qiyamı) Sovet İttifaqının dağılmasını geri dönməz prosesə çevirdiyi kimi, Qorbaçovun 1991-ci il dekabrın 25-də vəzifəsindən istefası da Sovet İttifaqının dağılması prosesinə son nöqtəni qoydu.

Rusiyanın ucqarlarında yaşayan qeyri-rus xalqları arasında ölkənin gələcəyi ilə bağlı bədbinlik daha güclüdür. Rusiya imperiyasının ucqarlarında mərkəzdənqaçma prosesləri geri dönməz xarakter almağa başlayır. Bu prosesin Şimali Qafqaz və İdel-Ural bölgəsində daha qabarıq şəkil alması isə bizim üçün ciddi xəbərdarlıq siqnalıdır.