Azərbaycan Mətbuat Şurasında yubilyar media nümayəndələri – “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ilə görüş keçirilib.
MŞ sədri Vüqar Zifəroğlu yubilyarları təbrik edib, onların ömür yollarının bəzi xarakterik məqamlarını açıqlayıb. MŞ sədri bildirib ki, hər iki qələm sahibinin peşəkar fəaliyyəti jurnalistikaya sədaqətin və bu sahədəki qüsursuz xidmətin bariz nümunəsidir.
Qeyd edək ki, 1991-ci ilin mayından “Sumqayıt” qəzetində müxbir, sənaye və tikinti şöbəsinin müdiri vəzifələrində çalışmış S.Quliyev 2020-ci ildən nəşrin baş redaktorudur. Bunadək isə o, “Sosialist Sumqayıtı”, “Azərbaycan gəncləri”, “Kommunist” (hazırkı “Xalq qəzeti”), “Vışka”, “Bakinski raboçi”, “Sintez” qəzetlərində və “Azərbaycan qadını” jurnalında fəaliyyət göstərib, 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Toplantıda çıxış edən MŞ-nin icraçı katibinin müavini İlqar Tağıyev, vaxtilə “Futbol+” qəzetində çalışmış tanınmış idman jurnalistləri – İlkin Fikrətoğlu, Elton Dünyaməliyev, Rəşad Qasımov və Mehman Süleymanov bu nəşrin M. Rüstəmlinin başçılığı ilə idman mediasının əsl nümunəsini yaratdığını, məktəb missiyası yerinə yetirdiyini vurğulayıblar. Onlar hər iki yubilyara xoş arzu və diləklərini ifadə ediblər.
S.Quliyev media sahəsində səmərəli fəaliyyətinə və 70 illik, M. Rüstəmli isə idman jurnalistikasının inkişafına verdiyi töhfələrə və 50 illik yubileyinə görə Mətbuat Şurasının diplomları ilə təltif ediliblər.
Sonda çıxış edən yubilyarlar keçdikləri ömür yoluna və fəaliyyətlərinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürlərini bildiriblər.