Yardımlı rayonunda çayda meyiti tapılan azyaşlının ölümü ilə bağlı təfərrüatlar məlum olub

YARDIMLI, 25 noyabr. TELEQRAF

Yardımlı rayonunda çayda meyiti tapılan azyaşlının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə rayonun Gendərə kəndində baş verib.

Kənd sakini, 2-ci sinif şagirdi Əli Qurbanov günorta saatlarında məktəbdən evə gəlib, yemək yedikdən sonra anasına babasıgilə getmək istədiyini bildirib.

Anasından icazə alan uşaq yaxınlıqda yaşayan babası evinə yollanıb. Yolunun üzərindəki körpünün yaxınlığından keçərkən çayda olan kiçik balıqlara baxmaq üçün sahilə enib. Bu zaman ehtiyatsızlıqdan ayağı sürüşərək suya düşüb.

Axşam saatlarında Əlinin evə qayıtmadığını görən yaxınları onu axtarmağa başlayıblar. Nəticədə azyaşlının meyiti körpünün yaxınlığında, çayın dayaz hissəsində aşkarlanıb.

Mərhumun qohumu Simran Qurbanovun sözlərinə görə, uşağın bədənində hər hansı zorakılıq əlaməti olmayıb. Müvafiq müayinələr aparıldıqdan sonra onun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, Əli Qurbanov ailənin dörd övladından böyüyü olub. Atası daş karxanasında çalışır.

Faktla bağlı araşdırma aparılır.