Rusiya ilə Estoniya arasında münasibətlər daha da gərginləşib. Rusiya Xarici İşlər Nazirliyi iki ölkənin açıq hərbi münaqişə həddinə yaxınlaşdığını bəyan edib.
Bu barədə Rusiya XİN-i Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkilinin Marek Yuhtaqenin nazirliyə çağırılmasından sonra məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi Estoniyanın dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddəki beş avtomobil keçid məntəqəsini bağlamaq qərarına etirazını bildirib. Moskva bu addımı Tallinin növbəti qeyri-dost hərəkəti və Estoniya hakimiyyətinin Rusiyaya qarşı düşmən münasibətinin davamı kimi qiymətləndirib.
Rusiya XİN-in iddiasına görə, Estoniya Ukraynaya fəal dəstək göstərməklə yanaşı, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın şimal-qərb bölgələrinə hücumları zamanı öz hava məkanından gizli şəkildə istifadə etməsinə şərait yaradır. Nazirlik bu cür halların dəfələrlə qeydə alındığını iddia edib.
Moskvanı narahat edən digər məsələ isə Estoniyanın Baltik dənizindəki fəaliyyətidir. Rusiya tərəfi Tallini rus yük gəmilərinin hərəkətinə maneələr yaratmağa və faktiki olaraq Rusiyanın dəniz blokadasına nail olmağa çalışmaqda ittiham edib.
Bundan başqa, Rusiya XİN-i Estoniya hakimiyyətini rusdilli əhaliyə təzyiqləri artırmaqda günahlandırıb. Nazirliyin iddiasına əsasən, ölkədə rus dilinin istifadəsinə məhdudiyyətlər genişləndirilir, Rusiya mədəniyyəti ilə əlaqələrin qorunmasını dəstəkləyən şəxslərə qarşı cinayət təqibləri və deportasiya tədbirləri tətbiq olunur.
Rusiya XİN-i Tallinin bu addımlarını təxribatçı və son dərəcə təhlükəli adlandıraraq, vəziyyətin daha da gərginləşə və açıq hərbi münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Estoniya hökuməti noyabrın 20-də Rusiya ilə sərhəddəki beş avtomobil keçid məntəqəsini ən azı altı ay müddətinə bağlamaq niyyətini açıqlayıb. Məhdudiyyətlər dekabrın 1-dən qüvvəyə minəcək. Söhbət Narva-1, Narva-2, Koidula, Luhamaa və Saatse keçid məntəqələrindən gedir. Qərara əsasən, həmin məntəqələrdə həm avtomobillərin, həm də piyadaların hərəkəti dayandırılacaq.
Bu qərar Tallin yaxınlığındakı Vıimsi ərazisində pilotsuz uçuş aparatları istehsal edən Threod Systems şirkətinə məxsus müəssisəyə qarşı törədilməyə cəhd edilən yanğın hadisəsindən sonra təhlükəsizlik sahəsində gərginliyin artdığı bir vaxtda qəbul olunub.
Estoniyanın qərarından sonra Latviya da Rusiya ilə sərhədin bağlanması ehtimalını nəzərdən keçirməyə başlayıb. Ölkənin Baş naziri Andris Kulberqs Xarici İşlər və Nəqliyyat nazirliklərinə belə bir addımın mümkün nəticələrini qiymətləndirməyi tapşırıb. Qurumlar xüsusilə məhdudiyyətlərin tranzitə və insanların sərhəddən hərəkətinə təsirini araşdırmalıdır.