Bir zamanlar “Binə” və “Sədərək” ticarət mərkəzləri ölkənin əsas ticarət obyektləri sayılırdı. Amma son vaxtlar hər iki ticarət obyektində müştəri tapmaq müşkülə çevrilib.
“Binə”də çalışan Elman Sarıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, artıq ticarət mərkəzində ticarət yox səviyyəsindədir:
“Aylıq icarə haqlarını güclə veririk. İcarə haqlarını verə bilməyənlər də var. Onlar da çəkilib, gedirlər. Pandemiyadan sonra alver zəifləmişdi, son zamanlarda isə vəziyyət daha da çətin olub”.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən marketoloq Elxan Mərdanlı bildirib ki, "Sədərək" və "Binə" ticarət mərkəzlərində fəallığın azalmasının bir neçə səbəbi var:
“Birinci səbəb quru sərhədlərin uzun müddət bağlı qalmasıdır. Əvvəllər Dağıstandan, eləcə də Gürcüstandan quru yolla bu bazarlara alış-verişə gələnlər çox idi. Onların arasında həm şəxsi ehtiyacları üçün, həm də satış üçün mal alan kiçik tacirlər olurdu. Quru yolların bağlanmasından sonra hər iki istiqamətdən axın dayandı. Bu da hər iki ticarət mərkəzinin gündəlik dövriyyəsini ciddi təsir elədi.
Digər bir səbəb iqtisadi aktivliyin azalmasıdır. Bu gün insanlar qazanclarının 55-60 faizini ancaq qidaya xərcləyirlər. Ona görə də geyim və digər ev əşyalarına istənilən qədər vəsait qalmır.
Həmçinin, Bakıda və iri şəhərlərdə böyük ticarət şəbəkələrinin sayı durmadan artır. Və bu ticarət şəbəkələrində çalışanların xeyli hissəsi öz mallarını xaricdən tədarük edirlər. Buna görə də artıq iri ticarət mərkəzlərindəki qiymətlər “Binə” və “Sədərək”dəki qiymətlərə çox yaxındır. Bu səbəbdən də bir çox insanlar daha əvvəlki kimi “Binə” və “Sədərək”ə getməyə lüzum görmürlər”.
Surxay Atakişiyev, Bizim.Media