Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və sahə üzrə kadr potensialının gücləndirilməsi məqsədilə yaradılan mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olacaq.Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib dövlət başçısına məlumat verməli, həmçinin qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görməlidir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə eyni müddətdə Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiqləyərək Prezidentə məlumat verməlidir. Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini Maliyyə Nazirliyi dövlət büdcəsinin vəsaiti hesabına təmin edəcək.