Fransa Rusiya ilə Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün Moskvaya nümayəndə göndərmək təklifini qəbul edə bilər. Lakin bunun üçün Avropanın danışıqlar masasında tamhüquqlu iştirakına Rusiyadan təminat verilməlidir.
Bu barədə Fransanın Rusiyadakı səfirliyinin nümayəndəsi RBC-yə açıqlamasında bildirib.
Diplomatik nümayəndə qeyd edib ki, Fransa tərəfinin əsas şərti Avropanın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda layiqli yer tutacağının təsdiqlənməsidir.
Xatırladaq ki, noyabrın 19-da Çində keçirilən APEC sammitində Rusiya Prezidenti Vladimir Putin Avropa nümayəndələrini Moskvaya dəvət etdiklərini açıqlayıb. Onun sözlərinə görə, məqsəd Avropanın regionda təhlükəsizliyin təmin olunması ilə bağlı mövqeyini öyrənməkdir. Bundan sonra Kreml Ukrayna ilə dialoqun hansı formatda davam etdiriləcəyinə qərar verəcək.
Bloomberg-in mənbələri isə Böyük Britaniya, Almaniya və Fransa rəsmilərinin Rusiya nümayəndələri ilə mümkün görüşü müzakirə etdiklərini bildirmişdi.
Fransa səfirliyinin nümayəndəsinin sözlərinə görə, Avropa üçlüyünün Moskvaya mümkün səfərinin tarixi və detalları hələ müəyyənləşməyib. O, dəvəti ümidverici addım kimi qiymətləndirib. Qeyd edib ki, bundan əvvəl Rusiya Avropa İttifaqının mövqeyini nəzərə almadan, əsasən ABŞ-la əlaqə saxlayırdı.
Diplomat vurğulayıb ki, Avropa təhlükəsizlik arxitekturasının gələcəyi, sanksiyalar, Ukraynanın bərpası və Rusiyanın dondurulmuş aktivləri kimi məsələlərin müzakirəsində mərkəzi rol oynamalıdır.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius da daha əvvəl Ukraynada sülh məsələsində Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib. O, Avropa siyasətçilərini bu mövqeyi dəstəkləməyə çağırıb və Moskvanın dəvətindən imtinanı Putinə yanlış mesaj kimi qiymətləndirib.