“Gecə saat 1-də...” - Deputat bu məsələdən şikayətçidir

“Biz xarici ölkələrə səfər edərkən digər millətlərin bizə hörmətlə yanaşmasını gözləyirik. Amma burada bir sual yaranır: Görəsən, biz özümüz özümüzə və bir-birimizə hörmət edirikmi? Hava limanında şahidi olduğum bir mənzərə məni çox təəccübləndirdi və bu barədə fikirlərimi sizinlə bölüşmək istədim. Gecə saat 1-də yaxın qohumumu yola salmaq üçün hava limanına getmişdim. Qeydiyyat köşklərinin qarşısında təyyarəyə qeydiyyatdan keçmək istəyən sərnişinlərin bir-birinə qarşı nümayiş etdirdiyi hörmətsizliyi görəndə çox təəssüf etdim”.

Ölkə.az bunu Milli Məclisin deputatı Azər Badamov bildirib.

O deyib ki, xarici ölkələrdə həm təyyarələrdə sərnişinlərin davranış qaydalarına riayət olunur, həm də hava limanlarında qeydiyyat zamanı hər kəsin bir-birinə hörmətlə yanaşaraq, heç kimin növbəni pozmadan öz sırasını gözləyir.

“Təəssüf ki, bizdə mənzərə bəzən tamamilə fərqli olur. Növbəni gözləmədən kənardan sıraya daxil olmaq, qeydiyyat köşklərinin qarşısında dəstə şəklində toplaşaraq başqalarına mane olmaq, məsul şəxslərin tələblərinə məhəl qoymamaq və hər kəsin başqasını qabaqlamağa çalışması çox təəssüf doğurur. Axı hamımız eyni təyyarə ilə uçuruq! Lakin qeydiyyatdan keçmək üçün növbə gözləmədən bir-birimizi itələyərək birinci olmağa çalışmağımız elə təəssürat yaradır ki, sanki təyyarə uçub gedəcək, kimsə isə orada qalacaq”, - Milli Məclisin üzvü şikayətlənib.

A.Badamov söyləyib ki, bu mənzərə təyyarəyə mindikdən sonra da davam edir:

“Təyyarə eniş etdikdən sonra, hələ tam dayanmamış, bələdçilərin sərnişinlərə yerlərində oturmaq və təhlükəsizlik kəmərlərini açmamaq barədə xəbərdarlıqlarına məhəl qoymayanlar dərhal ayağa qalxır, əl yüklərini götürərək qapıya yaxınlaşmağa və hamıdan əvvəl düşməyə çalışırlar.

Bununla yanaşı, uçuş zamanı təyyarənin salonuna müxtəlif tullantıların atılması da xoşagəlməz mənzərə yaradır. Sərnişinlər təyyarəni tərk etdikdən sonra salonda qalan zibillər isə mədəniyyətimizə heç də yaraşmayan bir mənzərə ortaya qoyur.

Bütün bunlar bir daha göstərir ki, biz özümüzü belə apardıqda, ilk növbədə, özümüzə və bir-birimizə hörmət etmədiyimizi nümayiş etdiririk. Eyni zamanda, kənardan bizi müşahidə edən insanlarda xalqımız haqqında müəyyən təsəvvür formalaşdırırıq”.

Deputat insanları bir-birinə hörmət etməyə çağırıb:

“Əgər harasa gedərkən başqalarından hörmət gözləyiriksə, ilk növbədə, özümüz bir-birimizə hörmət etməyi bacarmalıyıq. İctimai yerlərdə davranışımızla necə mədəniyyətə, hansı dəyərlərə sahib xalq olduğumuzu nümayiş etdirməliyik.

Əlbəttə, biz yüksək mədəniyyətə və zəngin mənəvi dəyərlərə malik xalqıq. Lakin bu, xoşagəlməz davranışlara göz yummağımıza əsas vermir. Əksinə, belə hallara qarşı mövqeyimizi bildirməli, ictimai yerlərdə qaydalara riayət etməyənləri nəzakətlə qınamalı və hər kəsi müasir cəmiyyətin məsuliyyətli bir üzvü kimi davranmağa dəvət etməliyik.

Unutmayaq ki, ictimai qınaq cəmiyyətin davranış mədəniyyətinin formalaşmasında mühüm təsir vasitəsidir.

Başqalarından hörmət gözləyiriksə, ilk növbədə özümüz hörmət etməyi bacarmalıyıq. Çünki xalqın mədəniyyəti yalnız onun tarixi və keçmişi ilə deyil, həm də hər bir fərdin gündəlik davranışı ilə də ölçülür”.