Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur

Azərbaycanda aralarında hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur.

"Qafqazinfo"ya istinadla, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.

İş üzrə Elman Mehdiyev, Tehran İmanlı, Həsən Əmirov, Kənan Bayramzadə, Mobil Məmmədov, Qəhrəman Əliyev, Nihad Quliyev, Zaur Məmmədov, Samir Baxşiyev, Məhəmməd Hüseynli, Elçin Mustafayev, Məmməd Əliyev, Cahid Mahmudov, Mirmusa Seyidov və Ravid Tərlanzadə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Cinayət işi üzrə dəymiş ziyan 1 milyon 400 min manatdır.