İran raketlərinin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilməsi ehtimalını azaltmaq və hədəflərə zərbə dəqiqliyini artırmaq məqsədilə yeni növ ballistik raketlər hazırlayır.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerika beyin mərkəzinin qiymətləndirməsinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Hacı Qasım”, “Xeybərşəkən”, “Xeybərşəkən-2” və “Fəttah-1” raketlərində istifadə olunan texnologiyalardan yararlanaraq, yeni hibrid ballistik raket növləri hazırlayıb.
İran 2025-ci ilin may ayında “Qasım Bəsir” adlı raketi də təqdim etmişdi. Bununla belə, rejimə bağlı media orqanları yeni hibrid raket növlərinin həmin raketdən fərqləndiyini bildiriblər.
Müharibə Araşdırmaları İnstitutu qeyd edib ki, İranın bu yeni raketlərdən ABŞ-nin regiondakı mövqelərinə qarşı hücumlarda istifadə etdiyini, yoxsa onları yalnız sınaqdan keçirdiyini təsdiqləyə bilmir.