Azərbaycanda açılan hər dörd yeni iş yerindən üçü Bakının payına düşüb

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3%-i, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. Paytaxtdan kənarda isə təxminən 18 min yeni iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinə istinadən, Bakıdan sonra ən yüksək göstərici Abşeron–Xızı iqtisadi rayonunda qeydə alınıb. Ölkədə açılan yeni iş yerlərinin 6,6%-i bu iqtisadi rayonun payına düşüb.

Beləliklə, Bakı və Abşeron–Xızı birlikdə yeni iş yerlərinin 83,9%-ni cəmləyib. Gəncə–Daşkəsənin payı 2,4%, Şəki–Zaqatalanın 2,3%, Quba–Xaçmazın 2,2%, Qarabağın isə 1,9% olub.

Yeni iş yerlərinin 92,9%-i qeyri-dövlət sektorunda açılıb. İş yerlərinin 77,6%-i mövcud müəssisə və təşkilatlarda, 22,1%-i yeni yaradılan, 0,3%-i isə fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda formalaşıb.

Hüquqi şəxslərin yaratdığı iş yerlərinin yarıdan çoxu üç sahənin payına düşüb. Tikinti 23,4%-lə ilk yerdə qərarlaşıb. Onu ticarət və nəqliyyat vasitələrinin təmiri (16,1%) və emal sənayesi (11,8%) izləyib.

Eyni dövrdə ölkədə 13,8 min iş yeri bağlanıb. Açılan və bağlanan iş yerlərinin sayı arasındakı fərq 65,7 min təşkil edib.