"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik rəhbərliyi, xalqımızın sarsılmaz birliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və hərbçilərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Kəlbəcərin də işğaldan azad olunmasını təmin etdi. Strateji əhəmiyyətinə və mürəkkəb dağlıq relyefinə görə seçilən Kəlbəcər rayonunun əlavə hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması Ordumuzun döyüş meydanında əldə etdiyi üstünlüyün və dövlətimizin siyasi iradəsinin mühüm nəticəsi idi".
Bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov Modern.az-a açıqlamasında deyib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı xalqımız üçün ağır faciələrdən biri idi. İşğal nəticəsində 53 mindən çox rayon sakini doğma yurdundan didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ermənistanın işğalı zamanı 511 dinc sakin həyatını itirdi, 321 nəfər əsir götürüldü və ya itkin düşdü. Rayonun yaşayış məntəqələri, məktəbləri, xəstəxanaları, mədəniyyət müəssisələri, tarixi abidələri və digər infrastruktur obyektləri dağıdıldı, təbii sərvətlərinə ciddi ziyan vuruldu.
Üçtərəfli Bəyanata əsasən, Ermənistan Kəlbəcəri 2020-ci il noyabrın 15-dək təhvil verməli idi. Lakin Ermənistan tərəfinin əlavə vaxtla bağlı müraciətindən sonra Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi. Buna baxmayaraq, ərazidən çıxan bəzi qanunsuz məskunlaşmış şəxslər tərəfindən evlərin yandırılması, ağacların kəsilməsi və ətraf mühitə ziyan vurulması halları qeydə alındı.
Altı il öncə azad olunan Kəlbəcərdə bu gün böyük bərpa və quruculuq işləri aparılır. Müasir yaşayış məhəllələrinin, təhsil və səhiyyə müəssisələrinin, sosial xidmət obyektlərinin, parkların və digər infrastrukturun yaradılması sakinlərin rahat yaşayışının təmin edilməsinə xidmət edir.
Şəhərdə 524 ailə üçün nəzərdə tutulan ilk yaşayış kompleksinin birinci mərhələsi çərçivəsində 201 ailənin məskunlaşdırılması üçün şərait yaradılıb. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı ilk sakinlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Şəhərdə digər yaşayış komplekslərinin tikintisi, eləcə də Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması istiqamətində işlər aparılır. 2026-cı il noyabrın 6-na olan məlumata əsasən, artıq Kəlbəcərdə 162 ailənin – 681 nəfərin məskunlaşması təmin edilib. Bu rəqəmlər uzun illər doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilərin qayıdışının real nəticələrini göstərir.
Rayonda müasir nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işləri xüsusi qeyd etmək lazımdır. Uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi Kəlbəcərin digər bölgələrimizlə daha rahat əlaqəsini təmin edəcək. Layihə çərçivəsində inşa olunan Murovdağ tuneli isə mürəkkəb dağlıq ərazidə təhlükəsiz və rahat hərəkətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda rayonda su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması bərpaolunan enerji istehsalının artırılmasına, elektrik təchizatının gücləndirilməsinə və yaşıl enerji potensialının reallaşdırılmasına xidmət edir. “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması, Müalicə-İstirahət Kompleksinin inşası Kəlbəcərin sənaye və turizm imkanlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Müasir istehsal müəssisələrinin yaradılması yerli məşğulluğun artırılmasına və rayonun iqtisadi həyatının canlanmasına töhfə verir.
Beləliklə, altı il əvvəl işğaldan azad edilmiş Kəlbəcərdə bu gün müasir yaşayış məntəqələri salınır, iqtisadi fəaliyyət bərpa olunur, sakinlər doğma yurdlarına qayıdırlar. Uzun illər məcburi köçkün həyatı yaşamış kəlbəcərlilər şəhər gününü sürətlə inkişaf edən, müasirləşən Kəlbəcərdə qürurla qeyd edirlər".