Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli rejissor, operator və senarist Rasim İsmayılovun 90 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Gecədə rejissorun sənət yoldaşları, ictimaiyyət nümayəndələri və həyat yoldaşı, Əməkdar jurnalist, “Şöhrət” ordenli Nadejda İsmayılova da iştirak edib. Rasim İsmayılova həsr olunmuş gecədə onun ən məşhur filmlərindən biri olan “Asif, Vasif, Ağasif”-in qəhrəmanı da çıxış edib. Eyniadlı filmdə Ağasif rolunu canlandıran Emil Pənahov uzun illər sonra rejissorun həyat yoldaşı, filmin senaristi Nadejda İsmayılova ilə bir araya gəlib. Onların görüşü zaman Nadejda xanım kövrəlib, xoş xatirələri yada salıb.
Moderator.az həmin görüntüləri lentə alıb.
Saytımıza açıqlama verən Emil Pənahov gecədə iştirakına görə qürur keçirdiyini bildirib:
“Allahıma minnətdaram ki, bizə belə bir uşaqlıq yaşadıb. 43 ildən çox vaxt keçib, amma həmin günləri dünənki kimi xatırlayıram. Biz Rasim İsmayılov kimi gözəl insanla birlikdə çalışmışıq. Rasim müəllim, həyat yoldaşı Nadejda İsmayılova çəkilişlərdə sanki bizim valideynlərimiz olmuşdular. Rasim müəllim həqiqətən də böyük ustad, böyük sənətkar idi. Mən belə bir müəllim görməmişdim. Mən də illərdir müəllim kimi fəaliyyət göstərirəm, uşaqlarla çalışıram. Bilirəm ki, 5 yaşlı uşaqla necə əziyyət çəkirlər.. Onlara senari öyrətmək, nümunə göstərmək və s. Ona görə də bu insanlar bizim həyatımızda müstəsna rol oynayıblar. İllər sonra Nadejda xanımı gördüm, görüşdük, bir-birimizə sarıldıq. Allah ona can sağlığı versin, Rasim müəllimə rəhmət etsin. Məhz Rasim İsmayılova görə mən sonradan incəsənət sahəsinə gəldim” deyə sənətçi bildirib.
Qeyd edək ki, “Asif, Vasif, Ağasif” filmini Rasim İsmayılov 1983-cü ildə lentə alıb.