Türk dünyasının tarixi coğrafiyası rəqəmsal mühitə köçürülüb

Türküstan bölgəsinin 11-ci və 19-cu əsrlər arasındakı tarixi və siyasi xəritələri ilk dəfə rəqəmsal mühitə köçürülüb

Avrasiya Araşdırmaları İnstitutu tərəfindən həyata keçirilən “Mərkəzi Asiyanın Tarixi Coğrafiyası” layihəsi 3 illik tədqiqat prosesindən sonra yekunlaşıb.

Layihənin nəticələri və hazırlanan əsərlər Almatıda keçirilən beynəlxalq proqramda ictimaiyyətə təqdim olunub.

Tədbirdə Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu, Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasının sədri prof. dr. Hüseyn Karaman və layihəyə töhfə verən alimlər, akademiklər, universitet nümayəndələri, tələbələr və mətbuat mənsubları iştirak ediblər.

Proqramın açılış mərasimində Qəyyumlar Şurasının sədri prof. dr. Hüseyn Karaman layihənin Türk dünyasının elm və mədəniyyət irsi baxımından daşıdığı əhəmiyyəti qiymətləndirib.

Açılış çıxışlarından sonra layihə çərçivəsində hazırlanan “9-15-ci Əsrlərdə Şərqi Dəşti-Qıpçağın Tarixi Coğrafiyası (Ərəb Mənbələrinə Görə)”, “18-19-cu Əsrlərdə Qazaqiya (Qazaqia) və Mərkəzi Asiyanın Tarixi Coğrafiyası”, “Mərkəzi Asiyanın Tarixi Toponimlərinin Coğrafi Əsasları” və “Qazaxıstanın Son Orta Əsrlər Dövrü Şəhərləri və Yaşayış Məskənləri” adlı monoqrafiyalarla “Mərkəzi Asiya Tarixi Coğrafiya Atlası”nın rəmzi lentləri təntənəli şəkildə kəsilib.

Avrasiya Araşdırmaları İnstitutunun direktoru dos. dr. Suat Beylur da çıxışında layihənin inkişaf prosesini, hədəflərini və əldə edilən elmi nailiyyətləri diqqətə çatdırıb.

Açıqlamada bildirilib ki, 2023–2025-ci illər arasında icra olunan layihə çərçivəsində Şərq və Qərb mənbələrinə əsaslanaraq türk, ərəb, fars, Çin, Monqol, Avropa və rus kartoqrafiya ənənələrinə aid əsərlər araşdırılıb, Amerika Birləşmiş Ştatları ilə Avropa və Asiya ölkələrindəki arxiv, kitabxana və muzey kolleksiyalarında aparılan tədqiqatlar nəticəsində 11–19-cu əsrlərə aid edilən 172 tarixi xəritə müəyyən edilərək sistemli şəkildə kataloqlaşdırılıb.

Layihənin diqqətçəkən nəticələrindən biri də interaktiv rəqəmsal platforma olub. Qazax və ingilis dillərində hazırlanan interaktiv platforma Türküstan Bölgəsinin 11-ci və 19-cu əsrlər arasındakı tarixi və siyasi coğrafiyasını rəqəmsal mühitdə bir araya gətirir.

Platformada təxminən 40 dövlət və siyasi qurumun sərhəd dəyişiklikləri, 173 tarixi xəritə, qədim yaşayış mərkəzləri və karvan marşrutları yer alır.

Layihə çərçivəsində kəşf edilərək elm dünyasına qazandırılan mühüm tapıntılardan biri də alman əsilli kartoqraf Anton Vidin (Anton Wied) 1542-ci ildə hazırladığı və hazırda Almaniyanın Hersoq Avqust (Herzog August) Kitabxanasında qorunan "Moscouia Quae & Alba Russia" adlı xəritəsidir.

“Qazax Xanlığı”nın adı (Kosaky Orda) Avropa xəritələrində ilk dəfə bu xəritədə göstərilib. “Qazax Xanlığı” termini sonrakı dövrlərdə isə Sebastian Münster, Entoni Cenkinson (Anthony Jenkinson) və digər avropalı kartoqrafların əsərlərində də yer almağa başlayıb.