Gənc ailələrin mənzil şəraiti ilə bağlı mühüm addım - Yeni uçot sistemi nə vəd edir?

“Ev təsərrüfatları ilə bağlı uçotun aparılmasının ailələrə, vətəndaşlara, sahibkarlara və digər istiqamətlərdə fəaliyyət göstərən fərdlərə və ya subyektlərə hər hansı mənfi təsiri yoxdur. Əksinə, bu prosesin müsbət təsirləri var”.

Bu sözləri “apa.az”a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, bu proses mövcud iqtisadi vəziyyətin daha dəqiq qiymətləndirilməsinə imkan verəcək:

“Məsələn, hər hansı şəxs torpaq sahəsinə və digər resurslara malik olduğu üçün məşğul hesab oluna bilər. Lakin faktiki vəziyyət araşdırıldıqda məlum olur ki, həmin torpaq sahəsində heç bir məhsul yetişdirilmir, ev təsərrüfatının gəliri və ya əlavə qazancı yoxdur. Bu isə o deməkdir ki, uçotun aparılması zamanı mövcud məlumatlar dəqiqləşdiriləcək. İndiyədək torpaq sahəsi olduğu üçün müəyyən gəlir əldə etdiyi düşünülən şəxsin və ya ailənin əslində heç bir gəlirinin olmadığı, torpaq sahəsinin istifadəsiz qaldığı üzə çıxa bilər”.

Uçot sosial problemlərin indiyədək məlum olmayan səbəblərini üzə çıxara bilər

İqtisadçı vurğulayıb ki, bu proses sosial problemlərin əsas səbəblərinin müəyyənləşdirilməsinə də kömək edə bilər:

“Bu gün müxtəlif sosial proqramlar vasitəsilə daha çox sosial problemlərin nəticələrinin aradan qaldırılması istiqamətində addımlar atılır. Lakin bu cür statistik məlumatlar düzgün toplanarsa, sosial problemlərin indiyədək məlum olmayan bəzi səbəblərini də üzə çıxarmaq mümkün olacaq. Bunun üçün həm məlumatı təqdim edən, həm də onu toplayan tərəf düzgün və məsuliyyətli davranmalıdır. Yalnız bu halda obyektiv və etibarlı məlumat bazası formalaşdırmaq mümkün olacaq”.

Uçot gənc ailələrin mənzil şəraiti və iqtisadi müstəqilliyi ilə bağlı real mənzərəni ortaya qoyacaq

Eldəniz Əmirov qeyd edib ki, uçot zamanı xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də gənclər və gənc ailələrlə bağlı məlumatların əldə edilməsidir:

“Belə ki, onların mənzil şəraiti, iqtisadi müstəqillik səviyyəsi, özünüməşğulluq imkanları, eləcə də müstəqil həyata hansı səviyyədə nail ola bilmələri araşdırıla bilər. Eyni zamanda, gənc ailələrdən neçəsinin müstəqil yaşadığı, neçəsinin isə valideynləri ilə birlikdə yaşadığı müəyyənləşdirilə bilər. Bu məlumatlar yalnız ümumi ailə təsərrüfatlarının deyil, eyni zamanda əhalinin gənc hissəsinin, o cümlədən gənc ailələrin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm rol oynayacaq”.

O vurğulayıb ki, bu məlumatların toplanması bütün problemlərin həlli demək deyil.

Uçotun əsas məqsədi mövcud vəziyyəti və statistik göstəriciləri real şəkildə müəyyənləşdirməkdir. Bundan sonra hansı qərarların qəbul ediləcəyi, hansı proqramların həyata keçiriləcəyi və sosial siyasətdə hansı dəyişikliklərin aparılacağı isə növbəti mərhələdə müvafiq təhlillərin nəticələrindən asılı olacaq.