Bakı Uşaq və Gənclər Teatrı 2026/2027-ci illəri əhatə edən yeni layihə həyata keçirir.
Teatrı olmayan bölgələrə səfərləri əhatə edən layihə çərçivəsində ilk səfər Sabirabadda baş tutub.
Layihənin əsas məqsədi regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları, xüsusilə məktəblilərlə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir. “Addım-addım Vətəndə 2” adlanan layihə çərçivəsində kollektiv teatr olmayan müxtəlif bölgələrdə “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirməyi planlaşdırır.
Layihənin ilk səfəri Mil-Muğan Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sabirabadda keçirilib.
500-ə yaxın tamaşaçının iştirak etdiyi tədbirdə Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Ağıllı Tülkü”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Qırmızıpapaq” tamaşalarından və sehrbaz Tofiq əminin illiuziya nömrələrindən ibarət səhnəciklər çox maraqla qarşılanıb.
Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan “Addım-addım Vətəndə -2” layihəsinə verdiyi dəstəyə görə Mil-Muğan regional Mədəniyyət İdarəsinə teatrın xüsusi mükafatını təqdim edib.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Bakı Uşaq və Gənclər Teatrını “Təşəkkürnamə” ilə təltif edib.