Fransanın şimalındakı Pa-de-Kale departamentindəki quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripi ocağı aşkarlanıb.
Bu barədə "Reuters" agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.
"Fransa bazar ertəsi ölkənin şimal hissəsində yüksək patogenli H5N1 quş qripinin yayılması barədə məlumat verib", - nəşr bildirib.
Qeyd olunub ki, virus 4,3 min quşdan 80-ni tələf edib, qalanları isə məhv olunub. Xəstəlik ocağı noyabrın 19-da - Fransada quş qripi səbəbindən yüksək epidemioloji təhlükə səviyyəsinin tətbiq edilməsindən bir gün əvvəl aşkar edilib. Bu, məhdudiyyətləri - ev quşlarının qapalı məkanlarda saxlanılmasını nəzərdə tutur.
Agentliyin məlumatına görə, virusun yayılması hakimiyyət orqanlarının və quşçuluq sahəsi nümayəndələrinin narahatlığına yol açır. Son illərdə xəstəlik quşların kütləvi tələf olmasına, məhsul tədarükündə fasilələrə və ərzaq qiymətlərinin artmasına səbəb olub. Bundan əlavə, infeksiyanın insana ötürülməsi riski qalmaqdadır.