“Microsoft”un tapşırıqların idarə edilməsi üçün nəzərdə tutulan “To Do” tətbiqi 2027-ci il iyunun 30-da bütün platformalarda fəaliyyətini dayandıracaq.
Şirkət bu barədə rəsmi dəstək səhifəsində məlumat yayıb. Qərar tətbiqin veb, “Windows”, “Mac”, “iOS” və “Android” versiyalarına şamil olunur.
İş və təhsil hesablarından istifadə edənlərə alternativ kimi “Planner” təklif edilir. Lakin mövcud tapşırıq və siyahılar avtomatik olaraq yeni platformaya köçürülməyəcək. İstifadəçilər onları 2027-ci il iyunun 30-dək “Planner” üzərindən görə və idarə edə biləcəklər.
Şəxsi hesab sahibləri üçün isə “Microsoft” öz alternativini təqdim etmir və başqa tapşırıq idarəetmə tətbiqlərindən istifadə etməyi tövsiyə edir.
Şirkət məlumatların ixracı üçün ayrıca vasitə hazırlayacağını bildirib. Mövcud tapşırıqların avtomatik silinməyəcəyi, klassik “Outlook”un tapşırıqlar bölməsinin isə fəaliyyətini davam etdirəcəyi qeyd olunub.
Qeyd edək ki, “Microsoft To Do” 2015-ci ildə alınan “Wunderlist” tətbiqinin əvəzi kimi hazırlanmışdı.