2026-cı ilin oktyabr ayına olan məlumata görə, Azərbaycanın əksər şəhər və rayonlarında doğulanların sayı ölənlərin sayından çox olub. Yalnız 3 şəhərdə təbii azalma qeydə alınıb. Belə ki, Gəncədə ölənlərin sayı doğulanlardan 133 nəfər, Xankəndi və Naftalanda isə 3 nəfər çox olub.
Ən çox təbii artım Cəlilabad rayonunda qeydə alınıb. Burada doğulanların sayı ölənlərin sayından 1160 nəfər çox olub. Sabirabadda bu göstərici 708, Astarada 589, Masallıda 562, Qubada 516, Ağcabədidə 514, Biləsuvarda 506, Yardımlıda isə 505 nəfər təşkil edib.
Bakının bütün 12 rayonunda da təbii artım müşahidə olunub. Ən yüksək göstərici Qaradağda (406 nəfər), ən aşağı göstərici isə Pirallahıda (5 nəfər) qeydə alınıb.
İqtisadi rayonlar arasında isə ən çox təbii artım Lənkəran-Astara (3356 nəfər), Qarabağ (2062 nəfər), Mərkəzi Aran (1658 nəfər) və Mil-Muğan (1652 nəfər) iqtisadi rayonlarında olub.
Maraqlıdır, bəs Azərbaycanın müxtəlif şəhər və rayonlarında təbii artım göstəricilərinin kəskin fərqlənməsi hansı sosial amillərlə bağlı ola bilər?
Hazırkı göstəricilər Azərbaycanda ailə modelinin dəyişdiyini deməyə əsas verirmi?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən sosioloq Mail Yaqub qeyd edib ki, bəzi rayonlardakı mənfi göstəricilər Azərbaycanda ailə modelinin dəyişdiyini göstərir: “Ötən əsrin 60-cı illərində Azərbaycanda hər qadına orta hesabla 6,7 uşaq düşürdüsə, hazırda bu göstərici 1,6-ya enib. Göründüyü kimi, uşaqların orta sayı xeyli azalıb və bu tendensiya təəssüf ki, davam edir.
Tədqiqatçıların proqnozlarına görə, bu proses belə davam edərsə, 2100-cü ildə Azərbaycanın əhalisi 8 milyona düşə bilər. Bu, həyəcan təbili çalmaq üçün ciddi səbəbdir”.
Sosioloq bu prosesin mümkün səbəblərini izah edib: “Bunun səbəbləri nədir? İlk növbədə, boşanmaların sayının artması, ikinci isə ailə modelinin dəyişməsidir. Belə ki, ailələr bir uşaqla, ən yaxşı halda isə iki uşaqla kifayətlənirlər. Bu isə dövlət üçün ciddi problemdir və dövlətin demoqrafik siyasətinə ziddir. Bu, ailə dəyərlərinin ciddi şəkildə dəyişdiyini göstərir. Bu tendensiya bizi uçuruma aparır.
Bu tendensiya dəyişməlidir. Bunun müxtəlif yolları var. Onlardan biri ailələrə uşaqpulu verilməsidir. Digər tərəfdən, ailədə üçüncü uşaq dünyaya gəldikdə dövlət tərəfindən daha yüksək məbləğdə yardım göstərilə bilər.
Dövlət bu addımları atsa, sosial problemləri azaltsa və eyni zamanda cəmiyyətdə ailəyə, uşağa münasibəti dəyişmək istiqamətində iş aparsa, müsbət nəticə əldə etmək olar. Çünki insanın maddi vəziyyəti yaxşı olsa da, o, uşaq sahibi olmaq, hətta ailə qurmaq istəməyə bilər. Buna görə də, ailənin və uşağın dəyəri barədə danışmaq, bu istiqamətdə maarifləndirmə aparmaq lazımdır.
Əgər bu addımlar atılarsa, yaxın 5-10 ildə demoqrafik tendensiyanın müsbət istiqamətdə dəyişdiyini görəcəyik”.