“Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar edilməsi üçün yeni imkanlar yaranıb. Nəzərə alaq ki, sülh və əməkdaşlıq bölgənin bütün xalqlarının maraqlarına uyğundur. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra məhz sülh təşəbbüsü ilə ilk çıxış edən tərəf olub”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb.
“Ötən il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələri və həmin sammitdə Birgə Bəyannamənin imzalanması mühüm hadisə oldu. Eyni zamanda, Vaşinqtonda xarici işlər nazirləri tərəfindən sülh sazişi paraflandı. Vaşinqton görüşündən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitdi, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyuldu. Bu görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam yarandı, irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan var. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər”, - Milli Məclisin üzvü vurğulayıb.
Deputat bildirib ki, Ermənistanın yeni konstitusiya layihəsinin ictimaiyyətə açıqlanması məsələnin həlli demək deyil: “Əsas mərhələ bundan sonra başlayır. Çünki erməni xalqı bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Məlumdur ki, Ermənistan parlamentində təmsil olunan müxalifət partiyaları konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsinin əleyhinədir. Əgər Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın təşəbbüsləri nəticə verməsə, parlamentdə əlavə tərəfdarlar toplaya bilməsə, o zaman referendumun keçirilməsi sual altına düşəcək. Bununla da, konstitusiya dəyişiklikləri dalana dirənə bilər”.
Sevinc Fətəliyevanın fikrincə, əslində, bu məsələ Ermənistanın daxili işidir, Azərbaycan bu prosesə qarışmaq niyyətində deyil. Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılsın. “Digər məsələlər Ermənistanın daxili işidir. Yəni, artıq erməni xalqı özü qərar verməlidir ki, sülh istəyir, yoxsa yox. Təkcə Ermənistan dövləti və hakimiyyəti deyil, həm də erməni xalqı mövqeyini bildirməli və düzgün seçim etməlidir. Əgər ərazi iddiaları Ermənistan konstitusiyasından çıxarılarsa, onda tərəflər arasında sülh sazişi imzalanacaq. Əks halda, bu mümkün deyil. Belə olan halda isə gələcəkdə regionda baş verə biləcək hansısa qarşıdurma, toqquşmalara görə Ermənistan dövləti və erməni xalqı məsuliyyət daşıyacaq” - o vurğulayıb.