Uzun fasilədən sonra elitada çıxış edən “Şəfa” “mühacir” həyatı yaşamaqda, ev oyunlarını Sumqayıtda keçirməkdədi. Amma vaxtilə Azərbaycan futbolunun tanınmış məkanlarından biri olan, müxtəlif dövrlərdə “Termist”, “Şəfa”, “ASC Arena”, hazırda isə “Baku Arena” adlanan stadionda əsaslı təmir-bərpa işləri aparılır. Uzun müddətdi davam edən yenidənqurma prosesi artıq yekunlaşmaq üzrədi.
Paytaxt təmsilçisinin doğma meydanından uzaq düşməsinin əsas səbəbi arenanın ot örtüyünün yenilənməsi və infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasıdı. Stadionda aparılan işlər yalnız meydanın yenilənməsi ilə məhdudlaşmır. Arenanın premyer-liqa oyunlarını qəbul edə bilməsi üçün Peşəkar Futbol Liqasının (PFL) müəyyənləşdirdiyi texniki və təşkilati tələblər də yerinə yetirilməlidi.
Girişdə vurğuladığımız kimi, “Şəfa” cari mövsümdə ev oyunlarını Bakıdan kənarda, Sumqayıtda yerləşən, cəmi 1500 yerlik “SOCAR Polymer Arena”da keçirir. Premyer-liqaya yüksələn paytaxt təmsilçisi elitadakı ilk mövsümündə rəqiblərini doğma stadionunda qəbul etmək imkanından məhrumdu. Üstəlik, komandanın ev oyunlarını başqa şəhərdə keçirməsi sabit azarkeş kütləsinin formalaşmasına da mane olur.
Görünən odu ki, “Şəfa”nın stadion həsrəti yaxınlarda başa çata bilər. Belə ki, “Baku Arena”da aparılan bərpa işləri artıq son mərhələyə qədəm qoyub. Bu isə komandanın yaxın vaxtlarda yenidən Bakıya qayıtmaq ehtimalını gündəmə gətirir.
Bəs “Şəfa” cari mövsümün növbəti turlarında doğma stadiona qayıda biləcəkmi? Yoxsa azarkeşlər komandalarını “Baku Arena”da izləmək üçün gələn mövsümü gözləməli olacaq?
Bu suallara aydınlıq gətirmək üçün “Şəfa”nın mətbuat katibi Heybət Məmmədovla əlaqə saxladıq:
“Artıq ot örtüyü ilə bağlı işlər başa çatıb. FİFA-dan “FIFA Quality” sertifikatı da alınıb. Hazırda digər texniki işlər görülür. PFL-in tələbləri var ki, onlar yerinə yetirilir. Proses başa çatandan sonra PFL təftiş keçirəcək. Bundan sonra ev oyunlarımızı orda keçirəcəyik. Dəqiq tarix barədə ictimaiyyətə daha sonra məlumat veriləcək”.