Gözəllikdən milyonlar qazanan 10 model: Kim nə qədər varlıdır ?

Dünyanın ən məşhur modelləri podiuma çıxmaqla kifayətlənmirlər. Onlar reklam müqavilələri, sosial şəbəkələr, şəxsi biznesləri və məşhur brendlərlə əməkdaşlıq sayəsində milyonlarla dollar qazanırlar. Bəzilərinin sərvəti isə illər ərzində yüz milyonlarla dollara çatıb.

Lent.az xarici mediaya istinadən moda dünyasında böyük uğur qazanmış 10 məşhur model haqqında məlumatları təqdim edir.

Lyu Ven

Çinli supermodel Lyu Ven beynəlxalq moda sənayesində uğur qazanan ilk Asiya modellərindən biridir. O, 2009-cu ildə “Victoria's Secret” nümayişində iştirak edən ilk çinli model kimi tarixə düşüb. 2010-cu ildə isə “Estee Lauder” brendinin Asiya mənşəli ilk qlobal simasına çevrilib.

Lyu Ven podium çıxışları, reklam kampaniyaları və moda brendləri ilə əməkdaşlıq sayəsində böyük gəlir əldə edib. “Forbes”in məlumatlarına əsaslanan 2016-cı il reytinqində onun illik qazancı 7 milyon dollar qiymətləndirilib.

Bella Hadid

Dünyanın ən tanınmış modellərindən olan Bella Hadid xüsusilə 1990-cı və 2000-ci illərin moda tendensiyalarını yenidən populyarlaşdırması ilə diqqət çəkir. O, məşhur dizaynerlərin nümayişlərində iştirak edir, dəbdəbəli brendlərin reklam kampaniyalarına çəkilir və sosial şəbəkələrdə milyonlarla izləyiciyə sahibdir.

“Forbes”in 2018-ci il reytinqinə əsasən, Bella Hadidin həmin dövr üzrə illik qazancı 8,5 milyon dollar olub.

Cici Hadid

Bellanın böyük bacısı Cici Hadid də dünyanın ən çox tanınan modellərindəndir. Cici podium çıxışları və reklam çəkilişlərindən əlavə, müxtəlif dizaynerlərlə əməkdaşlıq edir.

Onun gəlir mənbələri arasında sosial şəbəkələrdə reklam paylaşımları və moda layihələri də yer alır. 2018-ci ildə “Forbes” onun illik qazancını 9,5 milyon dollar qiymətləndirib. Bu göstərici həmin il bacısı Bellanın gəlirindən bir milyon dollar çox olub.

Adriana Lima

Braziliyalı supermodel Adriana Lima uzun illər “Victoria's Secret” brendinin ən məşhur simalarından biri olub. O, brendlə uzunmüddətli əməkdaşlığı, podium çıxışları və reklam müqavilələri sayəsində moda sənayesində yüksək gəlir əldə edən modellər sırasına daxil olub.

Adriana Limanın qazancı 2016-cı ildə 10,5 milyon dollar qiymətləndirilib. Model reklam kampaniyaları ilə yanaşı, müxtəlif tədbirlərdə də iştirak edir.

Dautsen Kruz

Niderlandlı supermodel Dautsen Kruz əvvəlki illərlə müqayisədə podiumlarda daha az görünsə də, moda və gözəllik sənayesində tanınmış simalardan biridir.

O, “Loreal Paris” və “Hunkemöller” kimi brendlərlə əməkdaşlıq edib. Model müxtəlif reklam kampaniyalarından və şəxsi layihələrindən gəlir əldə edir.

“Forbes”in 2018-ci il siyahısında onun illik qazancı 8 milyon dollar göstərilib.

Jizel Bündxen

Braziliyalı Jizel Bündxen uzun müddət dünyanın ən çox qazanan modeli titulunu qoruyub. O, 2015-ci ildə podium fəaliyyətini azaltmasına baxmayaraq, böyük brendlərlə əməkdaşlığını davam etdirib. “Chanel”, “Carolina Herrera” və “Pantene” kimi şirkətlərlə reklam müqavilələri onun gəlirlərində mühüm rol oynayıb.

2016-cı ildə “Forbes” Jizel Bündxenin illik qazancını 30,5 milyon dollar qiymətləndirib. Model uzun illər ərzində topladığı sərvət və biznes fəaliyyəti ilə də seçilir.

Karli Kloss

Amerikalı supermodel Karli Kloss moda sənayesindəki uğurları ilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə də tanınır. O, “Estee Lauder”, “Adidas” və “Swarovski” kimi brendlərlə əməkdaşlıq edib. Karli Kloss investisiya layihələrinə və texnologiya sahəsinə marağı ilə digər modellərdən fərqlənir.

“Forbes”in 2018-ci il reytinqində onun illik gəliri 13 milyon dollar olub. Bu, həmin dövrdə karyerasının ən yüksək illik qazancı hesab edilib.

Krissi Teygen

Amerikalı model Krissi Teygen yalnız moda nümayişləri ilə deyil, televiziya fəaliyyəti və kulinariya layihələri ilə də məşhurdur.

O, “Lip sync battle” televiziya şousunun aparıcılarından biri olub, həmçinin yemək kitabları nəşr etdirib. Teygen sosial şəbəkələrdə fəallığı, reklam müqavilələri və şəxsi biznes layihələri ilə də diqqət çəkir.

2018-ci ildə onun illik qazancı 11,5 milyon dollar qiymətləndirilib.

Naomi Kempbell

“Qara pantera” ləqəbi ilə tanınan Naomi Kempbell moda dünyasının canlı əfsanələrindən hesab olunur. O, onilliklər ərzində dünyanın ən nüfuzlu moda evləri ilə əməkdaşlıq edib və podiumlarda özünəməxsus yeri ilə seçilib. Naomi modellikdən əlavə, ətir kolleksiyaları və digər kommersiya layihələri ilə də məşğul olub. Bəzi qeyri-rəsmi qiymətləndirmələrdə onun ümumi sərvəti təxminən 70 milyon dollar göstərilir.