İtaliya şirkəti neft dağılmalarına qarşı texnologiyalarını Azərbaycana gətirməkdə maraqlıdır

Şirkətimiz Xəzər dənizində neft dağılmalarının qarşısının alınması, dəniz dibinin monitorinqi və tullantıların təmizlənməsi sahəsində Azərbaycana öz texnologiyalarını təqdim etməyə hazırdır.

Bunu İtaliyanın dənizçilik sektorunda fəaliyyət göstərən “Guidotti Ships S.p.A.” şirkətinin nümayəndəsi Alberto Paskuççi deyib.

Onun sözlərinə görə, şirkət Xəzər dənizində fəaliyyət göstərən enerji və dənizçilik şirkətləri ilə əməkdaşlıq istiqamətində ilkin addımlar atıb:

“Son bir neçə gün ərzində AAM MMC (AAM Limited Liability Company) və “Caspian Marine Services B.V.” şirkətləri ilə əlaqələr qurmuşuq.

Neft dağılmalarının qarşısının alınması və dəniz dibinin monitorinqi şirkətin əsas ixtisaslaşma istiqamətlərindəndir. Bu məqsədlə müxtəlif funksiyaları yerinə yetirən gəmilər, o cümlədən sürətli heyətdaşıma katerləri, neft dağılmalarını aşkarlayan və nefti toplayan gəmilər mövcuddur”.

O, həmçinin dəniz tullantılarının təmizlənməsi ilə məşğul olan “Innovation Sea” innovativ startapı haqqında məlumat verib. Bildirib ki, startap dronlar və sualtı uzaqdan idarə olunan aparatlar (ROV) vasitəsilə dənizin həm səthində, həm də dibindəki tullantıların toplanmasını həyata keçirir.

Şirkət nümayəndəsinin sözlərinə görə, gəmilər neft çirklənməsinə qarşı mübarizə üçün xüsusi üzən sədlər (boom), nefttutan qurğular (skimmer) və digər zəruri avadanlıqlarla təchiz olunub:

“Bu texnologiyaların Azərbaycanda tətbiqi mümkündür.

Bakı Limanı da daxil olmaqla, Azərbaycandakı liman və digər infrastruktur layihələrində iştirak etməkdə maraqlıyıq”.

Onun sözlərinə görə, şirkətin gəmilərinin suya oturma dərinliyi təxminən 2-3 metr təşkil etdiyindən, onlar dayaz sularda da fəaliyyət göstərə bilirlər.

“Layihələr üçün materialların daşınmasına, texniki dəstəyə və digər xidmətlərə ehtiyac yaranarsa, gəmilərimizi təqdim edə bilərik”, – deyə o vurğulayıb.

Şirkət nümayəndəsi əlavə edib ki, Xəzər dənizinin dibinin dərinləşdirilməsi ilə bağlı Bakı Limanının elan etdiyi beynəlxalq tenderə də müraciət ediblər.

A. Paskuççi Azərbaycana ilk dəfə səfər etdiklərini diqqətə çatdıraraq, yaxın vaxtlarda ölkə ilə əməkdaşlıq qurmağa ümid etdiklərini bildirib.