Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub

"Bakı Metropoliteni" QSC-də sərnişinlərə göstərilən xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə edilib.

Bu barədə "Report" "AZCON Holding"ə istinadən xəbər verir.

Məlumata əsasən, bununla bağlı müzakirələr qurumun Müşahidə Şurasının iclasında aparılıb.

Bildirilib ki, iclas zamanı metropolitenin fəaliyyət nəticələri, davam edən layihələrin icra dinamikası və yeni təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə edilib. Stansiya və tunel infrastrukturunun inkişafı, qatarların hərəkətinin təşkili, texniki-istismar imkanlarının genişləndirilməsi və təhlükəsizliyin təmin edilməsi ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

"Müzakirələr əsasında qarşıya qoyulan hədəflərin icrası ilə bağlı Müşahidə Şurası tərəfindən müvafiq qərarlar qəbul olunub", - məlumatda qeyd olunub.