ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşdi

ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşir.

Editor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 18-ci maddəsi yeni redaksiyada verilir. Ətraf mühitin istehsalat monitorinqinin ƏMTQ tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər tərəfindən aparılması, istifadə edilən ölçmə vasitələrinin qanunvericiliyə uyğunluğunun təmin edilməsi və monitorinq nəticələri barədə illik hesabatın növbəti ilin fevral ayının 1-dən gec olmayaraq aidiyyəti dövlət orqanına təqdim edilməsi müəyyən olunur. Qanunun 70-72-ci maddələrində terminoloji vahidliyin təmin edilməsi məqsədilə “müəssisə (istehsalat)” sözləri “istehsalat” sözü ilə əvəz edilir.

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 12.1.4-cü maddəsinə dəyişikliklə sifarişçinin ƏMTQ sənədini aidiyyəti dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana təqdim etmək öhdəliyi təsbit edilir. Bununla ƏMTQ nəticələrinin ictimaiyyət üçün davamlı əlçatanlığı təmin olunur. ƏMTQ sənədinin dərc üçün təqdim edilməsi öhdəliyinin sifarişçiyə aid edilməsi sənəddə kommersiya sirri təşkil edə bilən məlumatların mövcudluğu nəzərə alınmaqla daha etibarlı hüquqi həll hesab edilib.

Qanun hazırlanarkən sahibkarlıq subyektlərinə düşən inzibati yükün mütənasibliyi nəzərə alınıb və istehsalat monitorinqi öhdəliyi ƏMTQ tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərlə məhdudlaşdırılıb.