"Mövsümi qripə qarşı vaksinasiyada dozaların sayı uşağın yaşına və əvvəlki vaksinasiya tarixçəsinə uyğun müəyyən edilir. Son dövrdə beynəlxalq praktikada da uşaqların əvvəlki qrip vaksinasiyası nəzərə alınmaqla fərdi dozalanma yanaşması tətbiq olunur".
Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 6 aylıqdan 8 yaşadək uşaqların bir qismi üçün 2 doza vaksin tələb olunur:
"Bu, əsasən, əvvəllər qrip vaksini almamış, əvvəlki vaksinasiya dozaları kifayət etməyən və ya vaksinasiya tarixçəsi məlum olmayan uşaqlara aiddir. Belə hallarda dozalar arasında minimum 4 həftə interval saxlanılır. Əvvəlki vaksinasiya tarixçəsi müvafiq meyarlara uyğun olan uşaqlara isə cari mövsümdə 1 doza tətbiq olunur".
TƏBİB-dən vurğulanıb ki, vaksinasiyanın doza sayı barədə qərar həkim tərəfindən uşağın vaksinasiya tarixçəsi, yaşı və istifadə olunan vaksin preparatının təsdiq edilmiş təlimatı, eləcə də müvafiq klinik tövsiyələr nəzərə alınmaqla verilir:
"Bu baxımdan, hər bir uşağa fərdi yanaşılması və vaksinasiya sxeminin düzgün müəyyən edilməsi vacibdir".
Qeyd edək ki, 6 aylıqdan 8 yaşadək uşaqlara qrip peyvəndinin iki doza vurulması nəzərdə tutulduğu halda, bəzi poliklinikalarda bu say bir dozaya endirilib.