Azərbaycanda sekyuritizasiya mexanizminin hüquqi əsasları müəyyənləşdirilib

Prezident İlham Əliyev “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Qanuna əsasən, sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti ola biləcək digər pul tələblərini də müəyyən etmək hüququna malikdir.

Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borclar, habelə üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti ola bilməz.

Sekyuritizasiyanın predmeti olan aktivlər müvafiq reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur.

Qanunda sekyuritizasiya istiqrazı sekyuritizasiya şirkəti tərəfindən buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilən istiqraz kimi müəyyən edilir.