Nəsib Nəsibli Mübariz Əhmədoğluya etiraz etdi, həyəcan təbli çaldı

Politoloq Mübariz Əhmədoğlunun Borçalı azərbaycanlıları ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə və sosial şəbəkələrdə kəskin müzakirələrə səbəb olub.

Mübahisələr politoloqun İrəvandakı Göy məscidlə bağlı son hadisələrə və İranın Borçalıda dini-ideoloji təsirinə dair açıqlamalarından sonra başlayıb.

Belə ki, İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsindən sonra Mübariz Əhmədoğlu Borçalı əhalisinin bu məsələyə reaksiya verməməsini tənqid edib və sərt ifadələr işlədib.

O, noyabrın 21-də yaydığı açıqlamada İranın Gürcüstanda yaşayan azərbaycanlılara dini-ideoloji təsir göstərdiyini iddia edib. Politoloq bölgədəki bəzi sosial-mədəni meyilləri, o cümlədən geyim tərzini də İrandakı ideoloji təbliğatla əlaqələndirib.

Mübariz Əhmədoğlunun çıxışında işlətdiyi “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi isə etirazlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu fikri bütöv bir bölgənin əhalisinin ümumiləşdirilərək təhqir edilməsi kimi qiymətləndiriblər.

Bakıda və Gürcüstanda yaşayan borçalılılar, eləcə də ictimai fəallar politoloqun ümumiləşdirici və sərt ifadələrinə etiraz edərək ondan üzr istəməyi tələb ediblər.

Əslən Borçalıdan olan sabiq səfir Nəsib Nəsibli də məsələyə münasibət bildirib. O, Mübariz Əhmədoğlunun fikirlərini yanlış və yaramaz adlandıraraq, bu açıqlamanın Borçalı məsələsini yenidən gündəmə gətirdiyini vurğulayıb.

“Borçalı Cənubi Qafqazın coğrafi mərkəzidir. Bütün kommunikasiya xətləri buradan keçir. Başqa amilləri demirik, bu belə Azərbaycan Respublikası üçün strateji önəm daşıyır”, – N.Nəsibli qeyd edib.

Sabiq səfir Borçalıya münasibət məsələsində əvvəlki illərdə də narahatlığını ifadə etdiyini xatırladıb:

“Vəzifə başında olanda da demişdim: Bir iş ki, Ramiz Mehdiyevin kurasiyasındadır, o işdən xeyir gəlməz. İndi Ənvər ev həbsindəymiş, Borçalıya yad münasibət isə dəyişməyib”.

N.Nəsibli Borçalının ən həssas probleminin milli kimlik məsələsi olduğunu bildirib. Onun sözlərinə görə, bölgədə yaşayan soydaşlarımızın “Gürcüstan azərbaycanlıları” və ya “gürcüstanlı azərbaycanlılar” adlandırılması düzgün deyil.

“Stalindən qalan bu əcaib anlayış borçalıları etnik-milli şüurdan uzaq tutur. Gürcü şovinistlərinə isə borçalılara “yad”, “gəlmə”, “bir zaman öz vətənlərinə qayıdası qonaq” kimi yanaşmalarına əsas verir”, – sabiq səfir bildirib.

N.Nəsibli hesab edir ki, bölgə əhalisi üçün ən doğru ifadə “Borçalı türkləri”dir. O, bu adlandırmanın Türkiyənin də bölgəyə xüsusi yanaşmasına təsir göstərə biləcəyini düşünür:

“Türklük vurğusu Türkiyə Cümhuriyyətini də bu bölgəyə özəl yanaşmağa sövq edə bilər...

Bir zamanlar nazir səviyyəsində birisi “Gürcüstan azərbaycanlıları milli məktəbləri neynirlər, gürcü məktəblərində oxusunlar, vəzifə tutsunlar” deyə bir fikir irəli sürmüşdü. Onun arzuları gerçəkləşir, məktəblər sürətlə və geridönməz şəkildə gürcüləşdirilir. Bu, gözgörəsi itkidir.

Quru yollarının qapalı qalması borçalıları dayağından soyudur. Uzaqlaşdırır da deyə bilərik. İzahı çətin olan bu problem nə vaxt çözüləcək? Bilən varmı?

Biganə yanaşmaya baxmayaraq, Borçalı Azərbaycan Respublikası, eləcə də Türkiyə Cümhuriyyəti üçün artıq yük deyil. Ən azı nüfuz mübarizəsində önəmli amildir.

Bu, məsələnin bir tərəfi. Borçalıların özlərinin məsuliyyəti yoxmu? Əlbəttə, ən böyük məsuliyyət də onların boynuna düşür”.

Sabiq səfir Borçalıda İranın dini-ideoloji təsiri məsələsinə də toxunub. O, bu məsələdə ehtiyatlı olmağa çağıraraq, siyasi İslamın Türk dünyası üçün təhlükə yaratdığını bildirib:

“Bütün Türk dünyası üçün baş bəlası olan bir məsələdən yan keçmək doğru deyil. Borçalının başbilənləri gərək bu təhlükə barədə yüz dəfə düşünsünlər. Bir zamanlar Çinin uyğurlara qurduğu tələyə düşmək olmaz. İranın təbliğ etdiyi siyasi İslamdan İran əhalisinin özü də xeyir görməyib. İrandakı molla rejimi – türklüyün düşməni olduğunu min dəfə sübut etmiş bu rejim sizə-bizə yardım edərmi?

Siyasi İslamla baş edə biləcək yeganə ideologiya türk milliyyətçiliyidir”.

Nəsib Nəsibli Borçalı əhalisinin bu yanaşmanı qəbul etməkdə çətinlik çəkməsindən təəssüfləndiyini də bildirib. O, Azərbaycan hökumətinin məsləyə biganə qalmasından da narazılıq ifadə edib.

A.Qorxmaz