İndoneziyada yanğın: 24 ölü, 30-a itkin

İndoneziyanın Banten bölgəsində şirniyyat istehsalı fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb, təxminən 30 nəfər itkin düşüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Hadisə paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə yerləşən Çikande qəsəbəsindəki “PT Fonusa Agung Mulia” şirniyyat fabrikinin binasında baş verib. Yanğının səbəbləri ilə bağlı araşdırma davam edir.

Prezidentin əmək məsələləri üzrə müşaviri Səid İqbal jurnalistlərə açıqlamasında 24 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığı araşdırılır və fabrikin baş direktoru ifadə verməyə çağırılacaq.

İlkin hesabatlara əsasən, yanğına kondisionerdə baş vermiş qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Fabrikin baş direktoru Stiven Ervin Viyayanın sözlərinə görə, şənbə günü növbəsi zamanı müəssisənin ərazisində təxminən 300 nəfər olub.

Xilasedicilər hazırda dağıntılar altında qalan itkin düşmüş şəxsləri axtarırlar. Çökmə təhlükəsi olan tikililərə baxmayaraq, axtarış-xilasetmə işləri davam etdirilir.