Almaniyanın paytaxtı Berlin şəhərində NATO Parlament Assambleyasının (PA) 72-ci illik sessiyası keçirilib. 20-23 noyabr 2026 tarixlərində keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.
Sessiya çərçivəsində müttəfiqlərin dayanıqlığının gücləndirilməsi, terrorçuluqla mübarizə, sualtı infrastrukturun mühafizəsi, müdafiə innovasiyalarının sürətləndirilməsi, transatlantik enerji təhlükəsizliyi, Hindistanla əməkdaşlıq və parlament diplomatiyasının rolu, Ukraynanın müharibə dövründə müdafiə təchizatı və digər mövzular ətrafında müzakirələr aparılıb. Sessiyada NATO-nun Baş katibi Mark Rutte də çıxış edərək Alyansın üzləşdiyi çağırışlar, müdafiə xərclərinin artırılmasına ehtiyac, müdafiə sənayəsinin gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və müttəfiqlərin dayanıqlılığının artırılması barədə danışmışdır. Həmçinin, tədbirdə təqdim olunan komitə hesabatlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb.
Tədbirdə deputat Ramid Namazovun rəhbərlik etdiyi AR Milli Məclisinin NATO PA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin başçılığı altında Azərbaycanın NATO yanında Nümayəndəliyi fəal iştirak edib.