Ermənistan hökuməti yeni konstitusiya layihəsini dərc edib. Layihə açıqlanandan sonra ölkənin baş naziri Nikol Paşinyan xalqa müraciət edib.
Müraciətində Paşinyan onu da deyib ki, xalq referendumda yeni konstitusiyanın əleyhinə səs versə istefaya gedəcək, lehinə səs versə növbəti seçkidə baş nazirliyə namizədliyini irəli sürməyəcək.
Bu vədin arxasında hansı hesablamalar dayana bilər?
Politoloq Oqtay Qasımov Medianews.az-a bildirib ki, Nikol Paşinyan hələ bir həftə əvvəl bu məsələ ilə bağlı çıxış edəndə də referendumda mənfi nəticə qeydə alınsa istefaya gedəcəyini, müsbət nəticə olsa növbəti seçkidə baş nazirliyə namizədliyini irəli sürməyəcəyini vurğulamışdı: “Məsələ burasındadır ki, qarşıdan gələn referendum həm də Paşinyana etimad kimi qiymətləndirilir. Referendumda mənfi nəticə qeydə alınsa, siyasi mədəniyyət baxımından o, doğrudan da istefa verməlidir. Çünki mənfi nəticə Ermənistan xalqının Paşinyanın siyasətini dəstəkləmədiyi anlamına gələcək.
Müsbət nəticəyə gəlincə, Paşinyan konstitusiya dəyişiklikləri dəstəklənsə növbəti seçkidə baş nazirliyə namizəd olmayacağını bəyan edir. Ermənistanda növbəti parlament seçkiləri 2031-ci ildə keçirilməlidir, referendum isə gələn ilə nəzərdə tutulub. Paşinyanın növbəti seçkiyə qədər hələ dörd ili var. Bu müddət ərzində hansı hadisələrin baş verəcəyini indidən söyləmək çox çətindir”.
O.Qasımov bildirib ki, əslində Paşinyan bu mesajı verməklə həm rəqiblərinə, həm də erməni cəmiyyətinə hakimiyyət hərisi olmadığını göstərməyə çalışır: “Paşinyan ondan ötrü əsas məsələnin Ermənistanın suverenliyi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması olduğunu vurğulayır. Konstitusiya dəyişiklikləri müsbət nəticələnsə Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və ticarət əlaqələrinin ciddi şəkildə inkişafı mümkün olacaq. Bu isə Ermənistana böyük xeyir verə bilər.
Belə bir ssenaridə Paşinyan özü baş nazirliyə namizəd olmasa belə, onun komandası seçkilərdə uğur qazana bilər.
Burada ikinci mühüm məqam Paşinyanın konstitusiya dəyişiklikləri müsbət nəticələnəcəyi təqdirdə namizədliyini irəli sürməyəcəyini açıqlamasıdır. Bu bəyanatda cəmiyyətin ictimai rəyinə müəyyən mənada təsir göstərmək, daha yumşaq ifadə ilə desək, onu manipulyasiya etmək cəhdi də var. Paşinyan bununla belə bir fikir formalaşdırmağa çalışır ki, hakimiyyət onun üçün əsas deyil, vacib olan irəli sürdüyü ideyaların, siyasətin və planların həyata keçirilməsidir”.