Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır

Azərbaycan zəngin yeraltı xammal ehtiyatları, sənaye və enerji infrastrukturu, eləcə də Orta Dəhliz üzərində əlverişli coğrafi mövqeyi sayəsində regionun emal və logistika mərkəzinə çevrilmək potensialına malikdir. Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, ölkədə dağ-mədən sənayesinin inkişafı və istehsal zəncirinin tam qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu ilin sentyabrında 2027–2030-cu illəri əhatə edən metallurgiya və dağ-mədən sənayesinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib.

İbrahimov qeyd edib ki, “AzerGold” bu strateji hədəflərin reallaşdırılmasında fəal iştirak edir. Hazırda ölkədə müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı geoloji və kəşfiyyat işləri aparılır. Filizçay polimetal yatağının, xüsusilə mis və sink ehtiyatlarının geniş investisiya imkanları yaratdığını vurğulayıb.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasında Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə birgə müəssisə yaradılaraq mis yataqlarının kəşfiyyatı aparılır.

Şirkət rəhbəri Daşkəsən dəmir filizi layihəsinə də toxunaraq İtaliyanın “Tenova” şirkəti və maliyyə tərəfdaşları ilə müasir texnologiyaların və beynəlxalq maliyyə alətlərinin tətbiqi istiqamətində əməkdaşlıq edildiyini bildirib.

İbrahimovun sözlərinə görə, bu əməkdaşlıq İtaliya ilə tərəfdaşlığın artıq real layihələr və nəticələrlə müşayiət olunduğunu göstərir.

O əlavə edib ki, Azərbaycan İtaliya şirkətlərinə yalnız yataqlara çıxış deyil, həm də emal, texnologiya və hazır məhsul istehsalını əhatə edən vahid dəyər zəncirində iştirak imkanları təklif edir.