Prokurorluq orqanlarına qulluğa qəbul üzrə 30 vakant ştat vahidi üçün keçirilən müsabiqənin yazılı imtahanında 133 namizəd iştirak edir.
Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, prokurorluq orqanlarına qulluğa qəbul üzrə sayca 28-ci müsabiqədir:
"Birinci mərhələ olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Test imtahanında uğur qazanan namizədlər yazılı mərhələyə buraxılıblar. Müsabiqənin üçüncü mərhələsi müsahibədir. Bu il prokurorluğa qulluğa qəbul qaydalarında dəyişiklik edilməyib. Müsabiqə şəffaf prosedurlar və bütün namizədlərə bərabər imkanların yaradılması prinsipi əsasında keçirilir".
Baş prokurorun müavini qeyd edib ki, kadr siyasətinin əsas məqsədlərindən biri yüksək nəzəri biliklərə malik istedadlı gəncləri müəyyənləşdirmək və dövlətçiliyə sədaqəti ilə seçilən yeni nəsil hüquqşünaslar yetişdirməkdir.