Kiyevdən Rusiyanın neft qalasına gecə hücumu: Güclü yanğınlar

Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavoduna və Tatarıstandakı Kaleikino neft nasos stansiyasına zərbələr endirib.

Rusiya mətbiatına istinadən, Novoşaxtinsk şəhərində yerləşən neft emalı zavodunun ərazisində genişmiqyaslı yanğın qeydə alınıb.

İllik 7,5 milyon tonadək neft emal etmək gücünə malik müəssisə Rusiyanın cənubunda əsas neft məhsulları istehsalçılarından biridir. Zavod dizel yanacağı, benzin fraksiyaları, mazut və digər neft məhsulları istehsal edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zavodun Rusiya ordusunun yanacaq təminatında, xüsusilə dizel yanacağı və aviasiya kerosini təchizatında iştirak etdiyini bildirir.

Dron hücumlarının digər hədəfi Tatarıstanın Almetyevsk şəhəri yaxınlığında yerləşən Kaleikino neft nasos stansiyası olub. Yerli sakinlər obyektin ərazisində güclü yanğın baş verdiyini bildiriblər.

Ukrayna ilə sərhəddən təxminən 1300 kilometr məsafədə yerləşən bu stansiya Rusiyanın müxtəlif neft hasilatı bölgələrindən daxil olan xammalın qəbulunda, saxlanılmasında və nəqlində mühüm rol oynayır.

Kaleikino stansiyası “Drujba” neft kəmərinin əsas infrastruktur qovşaqlarından biri hesab olunur. Burada Tatarıstan, Qərbi Sibir, Udmurtiya və Başqırdıstandan daxil olan neft axınları birləşdirilir.

Obyektə dəyən mümkün zərərin neftin nəqli və ixrac marşrutlarına təsir göstərə biləcəyi bildirilir.

Hələlik hücumlar nəticəsində infrastruktura dəyən ziyanın miqyası və obyektlərin fəaliyyətində yaranmış fasilələrlə bağlı ətraflı məlumat açıqlanmayıb.