Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 2025-ci ildə 12 milyard ABŞ dollarına yaxın olub. Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.
Onun sözlərinə görə, cari ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 9 milyard ABŞ dollarını ötüb.
Nazir müavini qeyd edib ki, qeyri-neft ticarətinin genişlənməsi Azərbaycan sahibkarlarına Avropa bazarına çıxış, sənaye müəssisələrinə isə istehsalı müasirləşdirmək imkanı yaradır.
Bildirilib ki, hazırda Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir.
Anar Axundov əlavə edib ki, Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayələr yatırır. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Neft Fondu və SOCAR mühüm uğurlara imza atıb.