Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.
Ermənistan mediasına istinadla, Paşinyan yeni Konstitusiya layihəsini sosial şəbəkə hesabında paylaşaraq bunun üçün xüsusi internet saytının yaradıldığını bildirib.
Baş nazir qeyd edib ki, sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsi ilə rahat tanış olması və sənədlə bağlı öz təkliflərini təqdim etməsi üçün hazırlanıb(burada:).
Paşinyan paylaşımında Ermənistan vətəndaşlarına müraciət edərək yazıb:
“Əziz xalqım, Ermənistan Respublikasının əziz vətəndaşları!
Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini xüsusi olaraq bu məqsədlə yaradılmış internet saytı vasitəsilə təqdim etməkdən məmnunam.
Sayt yeni Konstitusiya layihəsinin hər bir vətəndaş tərəfindən mümkün qədər rahat şəkildə oxunması və təkliflərin təqdim edilməsi üçün yaradılıb.
Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm”.
Beləliklə, Ermənistan hökumət başçısının saat 10:00-da edəcəyi canlı müraciətdə yeni Konstitusiya layihəsi ilə bağlı əlavə açıqlamalar verməsi gözlənilir.
Yeni Konstitusiya nə üçün lazımdır? -Rəsmi əsaslandırma
“Yeni Konstitusiyanın qəbul edilməsində məqsəd Ermənistan dövlətçiliyinin əsaslarını möhkəmləndirmək və Konstitusiyanın həqiqətən xalqın iradəsinin ifadəsi kimi qəbul olunmasını təmin etməkdir. İllər ərzində qüvvədə olan Konstitusiyanın həm tətbiqi, həm də xalqın azad iradəsi ilə qəbul edilib-edilməməsi ilə bağlı suallar və şübhələr yaranıb. Buna görə də yeni Konstitusiyanın ümumxalq referendumu yolu ilə qəbul edilməsi, vətəndaşların real dəstəyini və etimadını qazanması vacibdir.
Konstitusiya sadəcə hüquqi sənəd deyil, dövlətlə vətəndaşlar arasındakı münasibətləri tənzimləyən və hər bir insanın həyatında real əhəmiyyət daşıyan əsas qanun olmalıdır. O, insanın fundamental hüquq və vəzifələrini, dövlət hakimiyyətinin təşkili və fəaliyyəti prinsiplərini müəyyən edir.
Yeni Konstitusiyanın əsasını Ermənistan Respublikasının təsisçisinin xalq olması və hakimiyyətin xalqa məxsusluğu ideyası təşkil edir. Dövlət hakimiyyəti insanlara xidmət etməli, dövlət orqanları və vəzifəli şəxslər cəmiyyət qarşısında hesabat verməli, ictimai maraqlardan çıxış etməlidirlər. Başqa sözlə, dövlət xalqın mənafeyi naminə fəaliyyət göstərməli, vətəndaşlar isə hakimiyyətin fəaliyyətinə nəzarət etmək imkanına malik olmalıdırlar.
Yeni Konstitusiya həmçinin davamlı dövlətçilik ideyasına əsaslanır. Bu, dövlətin fəaliyyətinin yalnız bugünkü problemlərin həllinə deyil, Ermənistanın uzunmüddətli inkişafına da yönəlməsini nəzərdə tutur. Məqsəd gələcək nəsillərə müstəqil, sülhsevər, təhlükəsiz, inkişaf etmiş və rifah içində yaşayan dövlət ötürmək olmalıdır.
Yeni Konstitusiya Ermənistan Respublikasını “Sülhün qovuşma nöqtəsi” kimi mövqeləndirir və sülhü xarici siyasət gündəliyinin əsas məsələsinə çevirir.
Yeni Konstitusiyanın qəbulu milli kimliyin inkişafında da yeni mərhələ kimi nəzərdə tutulur: dövləti olmayan xalqın davranış modelindən dövlət quran xalqın şüurlu davranışına keçid. Bu yanaşma milli kimliyin yeni dərkini formalaşdırır. Belə ki, dövlət və milli kimlik yalnız qarşılıqlı əlaqədə olan anlayışlar deyil, dövlət həm də milli kimliyin əsasını təşkil edir.
Yeni Konstitusiyanın mərkəzində insan, onun ləyaqəti, hüquq və azadlıqları dayanır. Əsas məsələ yalnız hüquqların Konstitusiyada təsbit edilməsi deyil, onların real müdafiəsinin təmin olunmasıdır. Bunun üçün insanın öz hüquqlarından necə istifadə edə biləcəyi, həmin hüquqların necə qorunacağı və hansı hallarda məhdudlaşdırıla biləcəyi dəqiq müəyyən edilməlidir. Eyni zamanda, hər bir insanın dövlət və cəmiyyət qarşısında vəzifələri və məsuliyyəti olduğu vurğulanır.
Yeni Konstitusiya dövlət hakimiyyətinin müxtəlif qolları arasında tarazlığın təmin edilməsinə də xüsusi əhəmiyyət verir. Parlament Hökumətin fəaliyyətinə səmərəli nəzarət edə bilməli, Hökumət öz qərarları və fəaliyyəti barədə hesabat verməli, məhkəmələr isə müstəqil olmalı və ədalət mühakiməsini həyata keçirməlidir. Məhkəmələrin xalqla əlaqəsi də xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətin həyatındakı rolu vurğulanır.
Beləliklə, yeni Konstitusiya vətəndaşların necə dövlətə sahib olmaq istədikləri və həmin dövlətin hansı prinsiplərlə fəaliyyət göstərməli olduğu barədə ümumi razılığını ifadə etməlidir. Onun əsasını dövlətin xalqa xidmət etdiyi, insan hüquqlarını qoruduğu, milli kimliyin saxlanılmasını və inkişafını təmin etdiyi sülhsevər, təhlükəsiz, azad və rifah içində yaşayan Ermənistan ideyası təşkil edir”, – deyə Konstitusiya layihəsində bildirilir.
S.Laçın