İranda elektrik stansiyalarının yanacaq təminatında yaranan çətinliklər və enerji istehlakının artması səbəbindən noyabrın sonlarından etibarən planlı elektrik kəsintiləri tətbiq olunacaq.
Türkiyənin TRT Haber telekanalına istinadən, bu barədə İranın "Təvanir" Elektrik Paylayıcı Şirkətinin baş direktoru Məhəmməd Allahdad məlumat verib.
Onun sözlərinə görə, qərar elektrik şəbəkəsinin yüklənməsinin qarşısını almaq və enerji istehlakını tənzimləmək məqsədilə qəbul edilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində fasilələr bölgələrdən asılı olaraq gündə iki saat və ya iki gündən bir iki saat davam edəcək. Kəsintilərin dəqiq vaxtı isə daha sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, zəngin neft və təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İran enerji təminatında müəyyən çətinliklərlə üzləşir. Buna iqtisadi sanksiyalar, infrastruktur sahəsinə investisiyaların kifayət qədər olmaması və elektrik enerjisinə tələbatın artması təsir göstərir.
Ölkə rəsmiləri enerji ehtiyatlarından səmərəli istifadə edilməsi üçün əhalini qənaətə çağırırlar.