Tramp: Açıq sərhədlər dövlətləri məhv edir

ABŞ Prezidenti Donald Tramp sərt miqrasiya siyasətinin tərəfdarı olduğunu bir daha bəyan edib.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Amerika lideri bildirib.

Tramp bundan əvvəl də bir sıra ölkələri, o cümlədən ABŞ-nin Avropadakı müttəfiqlərini yumşaq miqrasiya siyasətinə görə tənqid edib.

Qeyd edək ki, ABŞ Prezidenti vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. O, həmçinin ölkə tarixində ən genişmiqyaslı qanunsuz miqrant deportasiyasını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Trampın siyasi rəqibləri isə onun administrasiyasını miqrasiya ilə mübarizədə həddindən artıq sərt tədbirlər görməkdə və səlahiyyətlərini aşmaqda ittiham edirlər.