Ağdamda ilk dəfə qeyd olunan bayramda iştirak etmək, Ağdamın, ağdamlıların sevincini elə bu torpaqda yaşamaq istəyirdim. Dəvət almışdım. Bakıda işlərimi qaydaya salıb vaxtında yola çıxmaq istəyirdim. Məndən asılı olmayan səbəblərdən gecikirdim.
Gecikdiyimi bilənlər yarızarafat, "Heç nə olmaz, atəşfəşanlığa çatarsan", – deyərək məni sakitləşdirirdilər. Mən də artıq buna razı idim. Təki Ağdama çatım! Təki o günü doğma şəhərimdə, ağdamlıların arasında yaşayım! Təki o sevinci, o coşğunu uzaqdan deyil, elə bu torpağın üzərində duyum!
Vaxt daralır, yol uzanırdı. Buna baxmayaraq, yola çıxmalı idim. Çünki bəzi sevinclər var ki, onları uzaqdan izləməklə kifayətlənmək olmur. Gərək orada olasan. O havanı udasan, insanların gözündəki sevincə baxasan, öz sevincini onlarla bölüşəsən.
Konsertin başlamasına yarım saat qalmış Ağdam Muğam Mərkəzinə çatdım. Şəhər günü üçün nəzərdə tutulan tədbirlərin böyük bir hissəsi artıq geridə qalmışdı. Amma mənim üçün əsas olan orada olmaq idi. Azadlığına qovuşmuş doğma şəhərimdə, ağdamlıların arasında...
Bəlkə də bu qədər israrla Ağdama getmək istəyimin səbəbini izah etmək üçün bir az keçmişə qayıtmalıyam.
Mən Ağdamda dünyaya gəlmiş, Ağdamlı ailədə böyümüşəm. Məcburi köçkün həyatı yaşamış, doğma torpağının həsrəti ilə böyümüş insanlardan olmuşam.
2020-ci ilin noyabrında Vətən müharibəsində qazandığımız şanlı Zəfər nəticəsində Ağdam işğaldan azad edildi. Bu, illərlə qəlbimizdə daşıdığımız Qarabağ həsrətinin sona çatması idi.
Və nəhayət, aprelin 24-də biz də Ağdama köçürülən ailələrdən olduq. İllərlə həsrətini çəkdiyim, qayıtmağı arzuladığım doğma torpaqda artıq evimiz var.
Elə buna görə də ilk dəfə keçirilən Ağdam Şəhəri Gününü burada qeyd etmək mənim üçün sıradan bir tədbir deyil, xüsusi bir sevinc, qürur və duyğu demək idi.
İlk dəfə idi ki,Ağdam Şəhəri Günü doğma şəhərdə silsilə tədbirlərlə qeyd olunurdu.
Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, ASAN Xidmət, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası, “Aqrar Tədarük və Təchizat” ASC və “Böyük Qayıdış Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər Zəfər tariximizi yaşatmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Ağdamın mədəni həyatını zənginləşdirmək, doğma yurda qayıdan ailələrin sevincini bölüşmək məqsədi daşıyırdı.
Ağdamda Şəhər Günü Qarabağ atlarının şəhər küçələrindən İmarət kompleksinə doğru yürüşü ilə başlamışdı. Gün ərzində İmarət kompleksində yarmarka təşkil olunmuş, yerli istehsalçı və sahibkarların məhsulları, milli mətbəximizin nümunələri təqdim edilmişdi.
Qarabağ atlarının şousu, çövkən oyunu, musiqi, maskotlar, canlı milli ifalar şəhərə əsl bayram ovqatı gətirmişdi. Ağdam Muğam Mərkəzində incəsənət sərgiləri, məktəblilər üçün rəsm ustad dərsləri keçirildi. Ağdam şəhər 1 nömrəli tam orta məktəbində uşaqlar “Göyçək Fatma” tamaşasını izləmişdilər. Muğam Mərkəzinin amfiteatrında “Qaya” qrupunun konsert proqramı təqdim olundu.
Mərkəzdəki monitorda Ağdam haqqında sənədli film nümayiş etdirildi. Günün davamında rəsmi şəxslər sərgilərlə tanış oldular, səhnədə “Ağdam üçün oxu” klipi nümayiş etdirildi, qala-konsert proqramı ilə bayram gecəsi davam etdi və atəşfəşanlıqla yekunlaşdı.
Tədbir həqiqətən möhtəşəm təşkil olunmuşdu. Şəhərin bayram ovqatı, insanların üzündəki təbəssüm, bir-birini görən ağdamlıların sevinci, musiqi, səhnədən yayılan coşğu... Hər şey başqa cür idi. Başqa şəhərdə, başqa bir məkanda yaşadığın bayram hissindən fərqli. Bu dəfə sevincin ünvanı Ağdam idi. Sinəsinə düşmən tərəfindən çalın-çarpaz dağ çəkilmiş, viran qoyulmuş şəhərdə indi bayram vardı, sevinc vardı, azadlığın altıncı ili yaşanırdı.
Tədbirdə Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Ağdamın tanınmış ziyalısı, dəyərli millət vəkilimiz Aqil Abbas və “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid ilə bugünkü günün sevincini bölüşmək imkanımız da oldu.
Tədbir davam edir, bir-birindən gözəl musiqilər səslənir, muğamın sədaları Ağdamın səmasında əks-səda verir. Elə bu an, müharibənin, məcburi köçkün həyatının ağır günləri yadıma düşdü. İşıqların tez-tez söndüyü o günlərdə, çıraq başında anamın bizə danışdığı arzular gözümün önündə canlandı.
Mən nağıl bilmirəm. Anam bizə nağıl danışmayıb. O, həmişə Qarabağdan, Ağdamdan danışıb. Hər gecə yatmazdan əvvəl onun söhbətləri doğma torpağımızın xatirələri, bir gün işğaldan azad olunacağına olan ümidi və arzusu ilə dolu idi...
Anam deyirdi ki, Ağdamda tez-tez konsertlər təşkil olunardı, şəhər işğaldan azad ediləndən sonra isə burada möhtəşəm konsertlər keçiriləcək, bayramlar təntənə ilə qeyd olunacaq. Həmin an anamla çıraq başında danışdığımız o arzunun gerçəkləşdiyini hiss etdim. Qürurlandım, amma kövrəldim də. Çünki bu mənzərəni anamla birlikdə yaşamağı diləyirdik.
Arzu edirəm ki, növbəti Ağdam Şəhəri Günündə valideyinlərim də burada, doğma şəhərinə köç edən sakinlər sırasında olsun.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor- aparıcı
Parlament müxbiri