Slovakiyanın şərqində, Kruzlova kəndi yaxınlığında naməlum şəxslər sovet marşalı İvan Konevin abidəsinə çəhrayı boya atıblar. Heykəlin qarşısındakı daş döşəməyə də təhqiramiz yazı yazılıb.
Bu barədə xarici KİV yazıb.
Abidənin müəllifi Slavomir Gibey müşahidə kameralarının görüntülərini yoxlamaq və abidəni təmizləmək niyyətindədir. Bu, oktyabrın 3-də açılışı keçirilən abidə ilə bağlı artıq üçüncü insidentdir.
Bundan əvvəl “Demokratlar” partiyasının nümayəndələri heykəlin üzərini qanı simvolizə edən parça ilə örtüblər. Onlar bununla heykələ zərər vurmadıqlarını bildiriblər.
Daha sonra naməlum şəxslər xatirə lövhəsini sındırıb, postamentə isə macar dilində qırmızı boya ilə “qatil” sözünü yazıblar.
Həmin hadisədən sonra abidənin müəllifi və Slovakiya Antifaşist Mübarizəçilər İttifaqı polisə müraciət ediblər.