İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi korpusun yeni yeraltı raket kompleksinə baş çəkib.
İranın dövlət teleradio şirkəti səfərlə bağlı görüntülər yayımlayıb.
Məlumata görə, yeni raket şəhəri raketlərin saxlanılması, döyüşə hazırlanması və buraxılması üçün nəzərdə tutulmuş yeraltı tunel kompleksidir.
Səfər zamanı çıxış edən Əhməd Vahidi rəqiblərinə qarşı mübarizənin hələ başlanğıc mərhələsində olduğunu bildirib.
“Rəqibin hazırda üzləşdiyi vəziyyət yolun yalnız başlanğıcıdır. Siz onun alçaldılmasının və acizliyinin şahidi olacaqsınız. Həqiqət yalan üzərində qələbə çalacaq”, – deyə o bildirib.
Xatırladaq ki, noyabrın 10-da İranda SEPAH-ın yeni yeraltı raket şəhərinin açılışı keçirilib. Açılış mərasimi çərçivəsində obyektə baxış təşkil olunub.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Əli Abdollahi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi kompleksin hazırlıq vəziyyətini yoxlayıblar.
Həmin mərasimdə SEPAH nümayəndəsi Hüseyn Möhəbi Tehranın ballistik raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Noyabrın 7-də də Möhəbi İranın raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyətləri ləğv etdiyini bildirmişdi.