ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyi barədə heç vaxt ciddi düşünmədiyini bəyan edib.
Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, onu İrandakı rejim məsələsi xüsusi olaraq maraqlandırmayıb.
“Bəzi şəxslər rejim dəyişikliyindən danışırdılar. Amma izah edin görək, bu, nə deməkdir? Məni İrandakı rejim heç vaxt o qədər də maraqlandırmayıb”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İranla daimi qüvvədə olacaq bir razılaşma əldə etmək niyyətində olduğunu da vurğulayıb.
“İranın nüvə silahına sahib olmasına heç kimə imkan verməyəcəyəm”, – deyə o qeyd edib.
Tramp əlavə edib ki, Vaşinqtonla Tehran arasında imzalanacaq razılaşma gələcəkdə ABŞ prezidentləri dəyişsə belə, İranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır.
Xatırladaq ki, noyabrın 20-də Donald Tramp İranın hələlik ABŞ-ı qane edə biləcək razılaşma imzalamağa hazır olmadığını bildirmişdi.
Həmin gün "CBS News" telekanalı ABŞ və İsrailin yaxın vaxtlarda İrana qarşı yeni hərbi zərbə endirmək imkanlarını nəzərdən keçirdiyini xəbər vermişdi.