Avstriya Xarici İşlər Nazirliyinin rəsmi internet saytına kiberhücum edilib. Nəticədə hakerlər nazirlik əməkdaşlarının və ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəsmi əlaqə məlumatlarına çıxış əldə ediblər.
Bu barədə Avstriya Mətbuat Agentliyi (APA) nazirliyin bəyanatına istinadən məlumat yayıb.
Bəyanata əsasən, xarici podratçı şirkət tərəfindən idarə olunan sayta icazəsiz müdaxilə noyabrın 12-dən 13-nə keçən gecə baş verib. Hadisə "Microsoft" sistemlərində qeydə alınan qlobal nasazlıqla eyni vaxta təsadüf edib. İcazəsiz giriş noyabrın 13-də aşkarlanaraq dərhal bloklanıb.
Ekspert qrupunun araşdırması nəticəsində məlum olub ki, hakerlər Avstriya XİN-in mərkəzi aparatının, eləcə də ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının adları və işgüzar əlaqə məlumatlarının yer aldığı qeydlərə çıxış əldə ediblər. Bununla belə, nazirlik insident zamanı heç bir məxfi və ya fərdi məlumatın oğurlanmadığını bildirib.
Nazirlik xarici podratçı ilə birlikdə sistemin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü və hadisəyə ciddi yanaşıldığını vurğulayıb. İnsidentlə əlaqədar təhlükəsizlik sistemlərində əlavə texniki yoxlamalar da aparılıb.
Qeyd edək ki, Avstriya Xarici İşlər Nazirliyi daha əvvəl də kiberhücumların hədəfinə çevrilib. 2020-ci ilin əvvəlində qurum fevral ayınadək davam edən genişmiqyaslı kiberhücuma məruz qalıb. 2022-ci ilin aprelində isə fişinq məktubları vasitəsilə hücum cəhdləri qeydə alınıb.