ABŞ demokratları Maskın şirkətinə ayrılan vəsaitləri bloklaya bilər

ABŞ Konqresindəki demokratlar amerikalı milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin dövlət sistemlərinin hazırlanması üçün ayrılan büdcə vəsaitlərinin təsdiqinə mane ola bilərlər.

CNN telekanalının məlumatına görə, belə bir addım Donald Tramp administrasiyası və İlon Mask Ukraynada hərbi peyk rabitə xidməti olan “Starshield”in fəaliyyətinin məhdudlaşdırılması barədə göstərişi kimin verdiyini açıqlamaqdan imtina edəcəyi təqdirdə atıla bilər.

Konqresin üzvü Cim Hayms Milli Kəşfiyyat direktoru Cey Kleytona məxfi məktub göndərərək rabitədə yaranmış problemin səbəbləri barədə izahat tələb edib. O, həmçinin məhdudiyyətlərin “SpaceX” tərəfindən müstəqil şəkildə, yoxsa ABŞ rəsmilərinin göstərişi əsasında tətbiq edildiyini aydınlaşdırmaq məqsədilə İlon Maskla şəxsən görüşmək istəyib.

“Komitəmiz hökumətin tam nəzarətində olmayacağı dövlət sistemlərinin hazırlanmasına vəsait ayıra bilməz”, – deyə o, CNN-ə bildirib.

ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Starshield" peyk sisteminə çıxışını məhdudlaşdırmadığını bildirib və bunu "SpaceX" şirkətinin rəhbəri İlon Maskın etdiyi ehtimalına da şübhə ilə yanaşıb.

Bununla belə, “The Telegraph” qəzetinin mənbələri Ukrayna Silahlı Qüvvələrində (USQ) peyk rabitəsi ilə bağlı yaranmış problemlərə həm Trampın, həm də Maskın aidiyyəti olduğunu iddia edirlər.